Bakı-Gəncə-Bakı qatarında sürət həddi artırılacaq.

Unikal.org xəbər verir ki, bu sözləri  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda ölkə başçısı ilə dialoqu zamanı bildirib.

Prezident İlham ƏLİYEV: Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə söz vermişdim ki, bu yol işləyəcək, artıq bu, fəaliyyətdədir. Bizim planımız var ki, Gəncədən Gürcüstan sərhədinə qədər də həmin o vaqonlar işləsin və sərhəd rayonlarında yaşayan vətəndaşlar da bundan faydalansınlar.

Cavid QURBANOV: Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir.

Prezident İlham ƏLİYEV: Neçə saata gedir?

Cavid QURBANOV: Dörd saata gedir, cənab Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.

Prezident İlham ƏLİYEV: Üç saata?

Cavid QURBANOV: Bəli.

Prezident İlham ƏLİYEV: Çox gözəl.

Cavid QURBANOV: Sizin tapşırığınızdan sonra biz yenidən bu məsələ ilə məşğul olmuşuq. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq.