Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilib.

Unikal.org xəbər verir ki, İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov və digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Prezident İlham Əliyev bu dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib: “Belə ki, dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılıb. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir”.

Nərimanov rayon məktəbliləri arasında keçirilmiş “Vətənin müdafiəsinə hazıram!” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Sonra məktəbli və tələbələrin ifasında vətənpərvərlik mövzularında musiqilər ifa olunub, şeyirlər oxunub.