Azərbaycan neft şirkətinə məxsus gəmidə yanğın baş verib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra onlar Mərkəzi Neftçilər xəstəxanasına göndəriliblər. 

Yaralılar bunlardır:

1983-ci il təvəllüdlü Azər Vəliyev, 
1992-ci il təvəllüdlü Böyükağa Xəlilov, 
1989-cu il təvəllüdlü  Paşayev Bəhruz

****

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Unikal.org-a açıqlamasında hadisəni təsdiqləyib. Bildirib ki, hadisə nəticəsində SOCAR-ın 3 əməkdaşı xəsarət alıb və gəmi isə başqa şirkətə məxsus olub. 

16:38

Bu gün saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Unikal.org Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumata əsasən xəbər verir ki, nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.
Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

****16:38

Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat etmiş, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokuroluqdan Unikal.org-a verilən məlumata görə, hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

Famil Fərhadoğlu