Bakıda rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov barəsində apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara görə, X.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib, onun 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Bundan başqa, məhkəmə X.Məmmədova 12 min manat cərimə kəsib. 

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin X.Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

 Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur. 

Əli Osmanov