Bakıda külli miqdarda mənimsəmədə ittiham edilən Vahid Məcidin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, V.Məcid işlədiyi "Baku Trans" MMC-nin 74 min manatını mənimsəyib. 

Belə ki, o, mühasib işlədiyi şirkətdə bilet satışından gələn gəliri mənimsəyərək ələ keçirib. Daha sonra isə ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və məbləğin 30 min manat olduğunu bildirib.

"Baku Trans" məşhur bilet satışı şirkətlərindən biri olan "Flydubai" şirkətinin Bakıdakı təmsilçisidir.

Əli Osmanov