"Azərbaycan xalqı bir daha ölkədə aranı qarışdırmaq, sabitliyi pozmaq istəyən qüvvələri dəstəkləmədiyini sübut etdi. Ona görə də radikal müxalifət qüvvələri istəyinə nail ola bilmədi". 

Bu fikirləri Unikal.org-a açıqlamasında YAP rəsmisi, Milli Məclisin deputatı Ağalar Vəliyev Milli Şuranın 19 oktyabrda keçirdiyi qanunsuz aksiyaya münasibət bildirərkən səsələndirib.

Millət vəkili deyib ki, bir qrup mənfur qüvvə növbəti dəfə qanunsuzluğa, paytaxtda xaos yaratmağa çalışsa da, bunun qarşısı layiqincə alınıb: 

"Xaricdəki havadarlarından maliyyələşən, erməni lobbisinə işləyən bu şəxslər məqsədinə çatmadıqları üçün sosial şəbəkələr vasitəsilə icra hakimiyyətinin icazə verdiyi yerdə yox, əhalinin daha gur olduğu yerlərdə–xüsusilə, metro stansiyalarının qarşısında mitinq keçirmək üçün cəhd etdilər. İnsanların rahatlığı pozmaq istəkləri, ölkədə aranı qarışdırmaq niyyətləri isə baş tutmadı. Bu qüvvələr demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün bütün vasitələrə əl atırlar. Bu dağıdıcı müxalifətin istəyi, arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır. Təbii ki, buna qarşı bütün tədbirlər görülməli idi, görüldü də".
 
A.Vəliyev onu da qeyd edib ki, Milli Şuranın oktyabr ayının 19-da təşkil etdiyi icazəsiz aksiyanın bir məqsədi var idi, o da dövlətə və dövlətçiliyi zərbə vurmaq. Onun sözlərinə görə, dağıdıcı müxalifətin bu istəkləri ürəklərində qaldı:

"Bunun bir səbəbi var, o da Prezident İlham Əliyevin yürütdüyü siyasətin müsbət tərəflərini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Ona görə də radikal müxalifətin çağırışlarına heç kim məhəl qoymur. Məhz, bu səbəbdən də nə qədər istəsələr də, çağırışlar etsələr də, meydanda beş-altı adamla tək qaldılar. Həmin adamlar da müxtəlif pozuculuq əməlləri göstərərək diqqətləri özlərinə çəkməyə cəhd elədilər. Hüququ-mühafizə orqanları da bu qanunsuz cəhdin qarşısını məharətlə aldı".

Bir millət vəkili kimi xalqımın hər zaman belə ayıq-sayıq olmasına, təxribatlara uymadığına sevinirəm.

Orxan Həsənli