Azərbaycanın hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Bu gün saat 08:45-də Bakıdan İstanbula uçuşlar həyata keçirilib. Həmin reys cədvələ uyğun olaraq bu gün saat 23:20-də geri qayıdacaq. 

Unikal.org bildirir ki, bu barədə oxu.az-a açıqlamasında "Azərbaycan Hava Yolları"nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. 

Dünən İstanbuldan Bakıya yola düşməli olan reys 23:30-da Atatürk Hava Limanından çıxmalı idi. İstanbulda Atatürk Beynəlxalq Hava Limanında baş verən terror hadisəsi ilə əlaqədar həmin reys yubanıb.

İlkin məlumata görə, adıçəkilən reys bu gün saat 13:00-da Bakıya geri qayıdacaq. 

Onun sözlərinə görə, aeroport öz işini bərpa edib, yalnız bəzi məhdudiyyətlər var. 

P.Kəsəmənski həmçinin əlavə edib ki, qonşu ölkədə baş verən terror hadisəsi ilə əlaqədar olaraq Azərbaycanın hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. 

Qeyd edək ki, dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 50 nəfər ölüb.