İyunun 28-də Gəncənin "Kəpəz" futbol komandası UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Komandamız turnirin birinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena"da Moldovanın "Daçiya" klubunu qəbul edib.
"Kəpəz"in start heyətində Tadas Simaytis, Şəhriyar Əliyev, Renan Alveş, Şəhriyar Rəhimov, Tural Axundov, Vüqar Bəybalayev, Kərim Diniyev, Dario Junior, Nicat Qurbanov, Serjinyu və Jülen Eba meydana çıxıb.
Moldova təmsilçisinin ilk on birliyində isə Dmitri Çelyandik, Simeon Bulqaru, Abdul-Qafar Mamah, Andrey Slinkin, Rinar Valayev, İqor Buqayev, Vyaçeslav Posmok, Aleksandr Bejan, Yevgeni Koçuk, Denis Kojanov və Maksim Feşuk yer alıb.
Qazaxıstanlı baş hakim Aleksander Qauzerin idarə etdiyi oyunun 9-cu dəqiqəsində "Kəpəz"in futbolçusu Jülen Eba hesabı açmağa yaxın olsa da, qapı çərçivədən keçməyib. Matçın birinci hissəsi Gəncə təmsilçisinin üstünlüyü şəraitində keçməsinə baxmayaraq, hesab açılmayıb.
Görüşün ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda real qol vəziyyətlərindən yararlana bilməyib.
Beləliklə, görüş qolsuz bərabərliklə başa çatıb.
Komandalar arasında cavab oyunu bir həftə sonra Moldovada təşkil olunacaq.(AzərTAc)