Zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi günün ikinci yarısında davam edib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə həkim-taksikoloq Faiq Süleymanov ifadə verib.

O bildirib ki, Elina Hacıyeva dərmanlar qəbul edib: "Mədəsini yuduq. Bildirdi ki, axşam 30 ədəd ketotifen atıb. Bu mənə inandırıcı gəlmədi. Çünki o qədər həb qəbul etsəydi, səhər ayıla bilməzdi. Mən daha sonra Elinanı o travmatologiya göndərdim".

Daha sonra ifadə verən 19 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Vasif Mursaqulov qeyd edib ki, hadisə ilə bağlı çağırış 11:04-də gəlib: "Biz hadisə yerinə gəldik və ilkin müdaxilə etdik. Elina dedi ki, 30-a yaxın həb qəbul edib. Səbəbini soruşdum. Dedi 15 gündür intihar etmək qərarına gəlib. Evdə də, məktəbdə də onu istəyən adam olmadığı üçün bu qərarı verdiyi bildirdi".

Prosesdə Klinik Tibbi Mərkəzin reanimasiyasının şöbəsinin baş anestezioloqu Vaqif Rəhimov ifadə verib. O bildirib ki, Elina Hacıyeva xəstəxanaya yerləşdiriləndən 2 gün sonra dünyasını dəyişib: "Elinanın ağ ciyərində ödəm yığılmışdı. Birinci gün hər şey yolunda gedirdi. İkinci gündə vəziyyət pisləşdi. Ona 5 litr oksigen verildi. Gərəkli müdaxilələr edildi, amma nəticə olmadı. Ayın 6-ı səhər 11:15 radələrində Elinada bioloji ölüm oldu".

Proses sentyabrın 27-də davam edəcək.