Allah Təala hər bir əməl üçün qayda və ədəb qanunları təyin etmişdir. Əgər insan hansısa hacətinin yerinə yetməsini istəyirsə, bu qanunlara əməl etməklə işini asanlaşdıra bilər.

İlk olaraq Allahdan yardım istəmək lazımdır ki, bizi hacətimizə çatdırsın. Etdiyimiz səylər bada getməsin.

Dinimizin nəzərində, kamala çatmaq istəyən insanlar evlənmək mövzusuna çox məsuliyyətlə yanaşırlar. Yaxşı həyat yoldaşına malik olmaq istəyənlər üçün müqəddəs dinimiz müəyyən əməl və ibadətlər buyurmuşdur.

Bunların arasında xüsusi ikirükətli namaz da nəql olunub. Məsumlar (ə) bu haqda buyurur: "Sizlərdən hər kim evlənmək istəsə, gərək ilk olaraq iki rükət namaz qılsın. Hər rükətində "Həmd"dən sonra "Yasin" surəsini oxusun. Namazdan ayrılandan sonra Allaha həmd edərək, bu duanı oxusun:

"Allahım! Mənə mehriban, uşaq dünyaya gətirə bilən, şükür edən və qeyrətli həyat yoldaşı əta et.

Əgər ona yaxşılıq etsəm, şükür etsin.

Əgər ona pislik etsəm, məni bağışlasın.

Əgər Allahı yada salsam, mənə yardım etsin.

Əgər Allahı yada salmağı unutsam, mənə Allahı yada salsın.

Əgər onun yanından getsəm (sirrimi, malımı və abrımı) qorusun.

Əgər onun yanına gəlsəm, məni sevindirsin.

Əgər ona bir işi əmr etsəm, mənə itaət etsin.

Əgər ona qəzəblənsəm, məni razı salsın.

Ey Cəlal və İkram sahibi, mənə belə həyat yoldaşı əta et. Mən onu Səndən istəyirəm, mənə çatmaz o şey ki, mənə minnət qoyur və əta edirsən".