Erkən nikahdan ölümə aparan yol
Erkən nikahdan ölümə aparan yol

Azərbaycan problemlə mübarizədə hansı nəticələrə nail ola bilib?

İlk dəfə idi ki, gözlərimin önündə kimsə can verirdi. Özü də bu, necə deyərlər, ömrünü sürüb, dövranını görmüş biri deyildi, 20 günlük körpə idi.

2010-cu ilin sentyabr ayı idi, Tovuz Rayon Mərkəzi Uşaq xəstəxanasına qardaşım qızını müayinə üçün aparmışdıq - Pakizə həkimin yanına. Həkim otağında stulun üstündə olduqca gözəl üzlü bir körpəyə sistem qoşulmuşdu. Gözəlliyi ilə ilk baxışdan adamı özünə cəlb edən körpəyə yaxınlaşıb əlini əlimə aldım və bu zaman gördüyüm mənzərə, sözün düzünü deyim ki, bir qədər qorxmağıma səbəb oldu. Körpənin ağzından qan gəldi... Tez Pakizə həkimə tərəf qaçdım və yardım etməsini xahiş etdim. Hirsli-hirsli üzünü uşağın nənəsinə tutub "neynəyim" dedi - "Aparıblar uşağı öldürəndən sonra üstümə gətiriblər". Həkimlə və nənə ilə söhbətdən aydın oldu ki, uşağın anası erkən ailə qurub. Əvvəlcə əkiz uşağa hamilə olsa da, baxımsızlıq üzündən körpələrdən biri ana bətnində inkişafdan qalıb. Digəri isə ananın normal doğuşa fiziki imkanı çatmadığı üçün qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Valideynlər yaşadıqlarından dərs almadıqları üçün sağ qalan körpəni vaxtında həkim müayinəsinə aparmayıblar. Nəticə... Biz qardaşımın qızını müayinə etdirib xəstəxanadan çıxana qədər həkim həmin körpəni valideynlərinə verib evə yola saldı. Artıq çarəsi yox idi. Günlərlə bu hadisənin şokunu yaşadım, körpənin gülər üzü, qan gələn ağzı gözümün qabağından hələ də getməyib... Heç demə, erkən nikahlar həm də böyük faciələrə yol aça bilirmiş.

Ana və uşaq
ölümü hələ də yüksək səviyyədədir

Azərbaycan 2000-ci ildə BMT tərəfindən qəbul edilən "Minilliyin İnkişaf Məqsədləri" bəyannaməsinə qoşulan ilk ölkələrdəndir. Bəyannaməyə görə, 2015-ci ilədək dünyada 5 yaşadək uşaqlar arasında ölüm 2/3 dəfə, ana ölümü halları isə 3/4 dəfə azaldılmalıdır. Azərbaycan da bu bəyannaməyə qoşulmaqla həmin öhdəliyi üzərinə götürmüş olub. Artıq qoyulan hədəflərə çatılması üçün müəyyənləşdirilən müddətin əsas hissəsi arxada qalıb. Bu müddətdə ölkəmizdə ana və uşaq ölümü səviyyəsini azaltmaq üçün müəyyən addımlar atılıb - "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" qəbul edilib, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və davamlı İnkişaf Dövlət Proqramı"nda 1 yaşınadək uşaqlar arasında, eləcə də ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta göstəriciyə çatmaq hədəfi müəyyən edilib. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Dünya Camalovanın sözlərinə görə, əldə olunan nəticələr göstərir ki, Azərbaycan ana və uşaq ölümü səviyyəsinin azaldılması ilə bağlı öhdəliklərə əməl edə bilməyən ölkələrdən biri olacaq: "UNİCEF-in açıqladığı son hesabata əsasən, Azərbaycan uşaq ölümünün səviyyəsinə görə 195 ölkə sırasında 61-ci yeri tutur. Hesabatda son 20 ildə Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının 53 faiz azaldığı bildirilir. 1990-cı ildə Azərbaycanda dünyaya gələn hər min uşaqdan 95-i beş yaşlına çatmamış ölürdüsə, ötən il bu rəqəm hər min uşağa 45 fakt təşkil edib. Qeyd edim ki, Rusiya bu siyahıda 128-ci, Ermənistan 102-ci, Gürcüstan 91-ci, Qazaxıstan 78-ci, Özbəkistan 56-cı, Türkmənistan 54-cü, Tacikistan 46-cı yeri tutur.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2008-ci ildə ölkədə uşaq ölümü üzrə göstərici 12,0 promilli olubsa, 2009-cu ildə bu rəqəm 11,4-də enib 2011-ci ildə isə 10 promillidən az olub. Ana ölümü əmsalı isə ( 100 min diridoğulana) müvafiq olaraq 26,1-dən 24,3-ə enib. Nəzərə almaq lazımdır ki, Azərbaycan hələ də uşaqların diridoğulması üzrə Ümumdünya Səhiyyə Təşkilatının standartlarına keçməyib. ÜST-nin standartlarına əsasən 22 həftədə doğulmuş və 500 qram çəkisi olan uşaq diri doğulma sayılır. Azərbaycanda isə hamiləliyin 27-28-ci həftəliyində doğulmuş və çəkisi 2 kiloqrama yaxın olan uşaq diri doğulmuş sayılır. Azərbaycanda 22-27-ci həftələrdə tələf olan uşaqların sayı nəzərə alındıqda, uşaq ölümü səviyyəsinin daha yüksək olduğunu söyləmək olar. Bundan əlavə, Azərbaycanda ana və uşaq ölümü hallarının qeydiyyatdan yayındırılması halları da yayılıb".
İqtisadi Tədqiqatlar Mərkəzinin də üzv olduğu Yoxsulluqla Mübarizəyə Çağırış Milli Koalisiyası çərçivəsində aparılan araşdırmalar göstərir ki, Azərbaycanda ana və uşaq ölümünü artıran faktorlardan biri erkən nikahlardır. Belə ki, erkən yaşda - 14-15 yaşında ərə verilən qızlar arasında uşaqsalma, ölüdoğulma və ana ölümü halları daha yüksəkdir. Bunun bir səbəbi qızların orqanizminin analıqla bağlı təbəddülatlara hazır olmamasıdırsa, digər mühüm bir səbəb təhsil almadan, necə deyərlər, "gözünü açmamış" ərə verilmədir. Bu zaman erkən hamilə qalan qızlar hamiləlik dövründə özlərinin və uşaqların sağlamlıqlarını qorumaq üçün zəruri olan tədbirlərdən xəbərsiz olurlar: nə düzgün qidalanırlar, nə vaxtlı-vaxtında həkim müayinəsindən keçirlər, nə də orqanizmin müxtəlif fəsadlar barədə verdiyi həyəcan siqnalını tuta bilirlər. Hətta bir çox hallarda 6-8 aylıq uşaqlarını itirən "erkən" analar buna adi bir hal kimi baxaraq, heç həkimə müraciət etmək barədə düşünmürlər də. Yalnız 2-3-cü belə haldan sonra həkimə gedirlər ki, əksər hallarda bunun faydası da olmur. 14-15 yaşlı təhsilsiz, dünyagörüşü olmayan uşaqla 22-25 yaşlı, təhsil almış, həyatdan məlumatlı olan qadının hamiləlik və analığa, uşağa qulluğa, tərbiyə verməyə münasibəti arasında fərq yerlə-göy qədərdir. Belə analar yeni doğulmuş uşağa da doğru-düzgün baxa bilmir, uşaqlarını müxtəlif xəstəliklərdən qorumağı bacarmırlar.

Rəsmi nikahın olmaması qeyri-rəsmi ölümlərin sayını artırır

D.Camalovanın sözlərinə görə, erkən ailə quran qızlarla bağlı daha bir problem onların qanunda nəzərdə tutulan yaşa çatmadıqları üçün nikah bağlaya bilməmələridir: "Bildiyiniz kimi, rəsmi nikahı olmayan qadınlar əksər hallardan hamiləliklə bağlı zəruri həkim müayinəsindən də keçə bilmirlər. Eyni zamanda valideynlər və ər evindəkilər məsuliyyətə cəlb olunmadan qorxduqları üçün belə qadınlarda uşaqların tələf olması faktlarını gizlədirlər. Bu, həm də anaların özlərinin həyatını itirməsi hallarına da aiddir: hamiləlik və doğuş səbəbilə dünyasını dəyişən 18 yaşa çatmamış qadınların əsl ölüm səbəbləri əksər hallarda gizlədilir. Belə hallar xüsusilə ucqar rayonlarda tez-tez baş verir.
Bütün bunlar göstərir ki, Azərbaycanda erkən nikaha gender bərabərliyinin pozulması, qadın hüquqlarının tapdanması prizmasından deyil, həm də ciddi demoqrafik və sosial problemləri yaradan factor kimi baxılmalıdır. Bu problemi ardan qaldırmaq üçün yalnız Səhiyyə Nazirliyi deyil, hüquq-mühafizə orqanları, təhsil sistemi, yerli icra strukturları, hətta bələdiyyələr də səfərbər olunmalı, vətəndaş cəmiyyətinin gücündən istifadə edilməlidir".

Nəsib Quliyev:
"Azərbaycanda ana və uşaq ölümü var..."

Respublikanın baş pediatrı Nəsib Quliyev ana və uşaq ölümü faktlarının olduğunu gizlətmədiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə ciddi nəticələr əldə etmək öhdəliyi götürüb: "Bəli, səbəblər arasında erkən nikahlar da var və çox şükür ki, hökumət bununla bağlı tədbirlərini gücləndirib. Qanunda rəsmi nikah yaşı artırılıb, bir sıra proqramlar reallaşdırılır, "Minilliyin inkişaf məqsədləri"nə qoşulmuşuq".
Baş pediatr ötən il üzrə körpə ölümü ilə bağlı statistikanı da açıqladı: "Keçən il institutumuzda 615 körpə dünyasını dəyişib. Ümumilikdə ölən uşaqların sayı isə 1903 nəfərdir". Baş pediatr deyir ki, institutda daha çox yeni doğulmuş körpə və 5 yaşadək uşaqların ölümü baş verir: "5 yaşdan yuxarı uşaqların ölüm hadisəsi nadir hallarda olur. Bütün ölüm faktları qeydə alınır və bu faktı gizlətmək mümkün deyil".

Kəmalə Ağazadə: "Bu cür halların yaşanmasında erkən nikahların da özünəməxsus rolu var"

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə hesab edir ki, Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü bir deyil bir neçə amillərlə bağlıdır: "Başlıca səbəb hamilə qadınların bir qisminin bu məsələyə səhlənkar yanaşması ilə bağlıdır. Məsələ ondadır ki, onların bir çoxu hamiləlik dövründə vaxtında müayinədən keçmir. Qadının özündə olan bir sıra xəstəliklər hamiləliyin normal keçməsinə imkan vermir ki, bu da nəticə etibarilə ölüm hallarına gətirib çıxarır. O cümlədən, hamilə qadının kifayət qədər normal qidalanmaması və əsəb gərginliyi də doğuş zamanı ölüm riskini artıran faktorlardan biri hesab olunur. Bu cür səhlənkar qadınlar arasında erkən nikaha girmiş yeniyetmələr çoxluq təşkil edir. Yəni bu cür halların yaşanmasında erkən nikahların da özünəməxsus rolu var. Problem ondadır ki, bir çox regionlarda qızları erkən yaşlarda ərə verməyə çalışırlar. Yetkinlik yaşına çatmayan azyaşlı qızların orqanizmi uşaq dünyaya gətirməyə hazır olmur. Bu zaman sözügedən bədbəxt hadisələrin baş verməsi üçün olduqca münbit zəmin yaranır. Nəticədə, ana ölümü çox olmasa belə, bu, əksər anaların əlil və yaxud da sonsuz olmasına gətirib çıxarır. Deməyim odur ki, ana və uşaq ölümü həm tibbi, həm də sosial və ekoloji səbəblərdən qaynaqlanan bir problemdir. Nəticə etibarilə həmin problemlər bu və ya digər dərəcədə bir-biri ilə bağlıdır. Düzdür, bir sıra ölkələrlə müqayisədə Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü halları elə də çox deyil. Ancaq bütün hallarda ölü uşaqların dünyaya gəlməsi çox xoşagəlməz bir haldır. Ona görə də hesab edirəm ki, ana və uşaq ölümünün qarşısını almaq üçün iş aparmaq lazımdır".
Həbibə Abdulla