Tovuzda baş vermiş qətl hadisəsilə bağlı yeni faktlar əldə etdik.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Firudin Ələkbərli “Makarov” markalı tapançadan qarın nahiyəsindən 4 güllə yarası alıb. Mənbə bildirir ki, qətlə yetirilən şəxsin Tovuzda fəaliyyət göstərən bəzi iş adamları, o cümlədən Əli Şəmiyevlə münaqişəsi olub. Həmçinin qətl hadisəsi də bu münaqişələrlə bağlıdır.

Rayondakı mənbələrin bildirdiyinə görə, Əli Şəmiyevin Rusiyada böyük biznesi var. Mərhum F.Ələkbərli onun Zəyəm kəndi yaxınlığındakı otelinin tikintisində qanunsuzluqlara yol verildiyini iddia edibmiş.

"Hətta Ələkbərlinin bir müddət əvvəl jurnalist vəsiqəsiylə, yanında da özünü jurnalist kimi təqdim edən iki nəfər olmaqla, iş adamının yanına getdiyi bildirilir. Onların arasında hansı söhbətin olduğunu bilmirik", - deyə mənbə bildirib.

Mənbə əlavə edir ki, Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra başçısı Tofiq Zeynalovun (BDYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşı) qudasıdır.

Xatırladaq ki, bu gün səhər saatlarında Tovuz rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli odlu silahla qətlə yetirilib.