22 Sentyabr 2019
21 Sentyabr 2019
"Siyavuş Novruzovu cəmiyyət düzgün başa düşüb" - Aydın Mirzəzadə
"Siyavuş Novruzovu cəmiyyət düzgün başa düşüb" -Aydın Mirzəzadə SİYASƏT 09:01 2019-09-10

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun keçmiş nazirlərə xəbərdarlığı və səsləndirdiyi ittihamlar aydın səmada şimşək effekti yaradıb.  Partiya funksionerinin nədən bu cür sensasion açıqlama ilə çıxış etməsi, müxalifəti maliyyələşdirmək ittihamını səsləndirərkən hansı sabiqləri nəzərdə tutduğu araşdırma mövzusuna çevrilib.

Unikal.org bununla bağlı deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin “Yeni Müsavat”a verdiyi müsahibəsini təqdim edir: 

- Aydın bəy, partiyadaşınız, YAP rəhbərliyində təmsil olunan Siyavuş Novruzovun eks-nazirlərlə bağlı ittihamları ciddi rezonans doğurub. Siz bu fikirləri necə dəyərləndirirsiniz?

- Bu gün (dünən-red.) bu məsələ ilə bağlı partiyamızın sədr müavini, icra katibi Əli Əhmədov da münasibət bildirdi. O dedi ki, bu gün vəzifədə olan və vəzifədə olmayan bütün partiya üzvlərinə eyni münasibət bəslənilir, fərq qoyulmur. Partiyanın üzvü olan hər bir kəs partiyanın siyasətinin təbliğində iştirak etməlidir.  Məsələ heç də kimlərisə hədəfə götürməkdən ibarət deyil. Söhbət hər bir partiya üzvünün aktiv surətdə siyasətdə iştirakına çağırışdır. Tək vəzifədə olanda deyil, vəzifədən gedəndən sonra da üzv olduğu partiyanın, vaxtilə təmsil olunduğu hakimiyyətin mövqeyinin müdafiə edilməsində öz iştirakını göstərməkdir. O demək deyil ki, ancaq vəzifədə olduqda siyasi xətti müdafiə etmək, cavab vermək və fəal olmaq lazımdır. Vəzifədən çıxarıldıqdan sonra isə bütün işlərdən kənarlaşmağa üstünlük vermək düzgün yol deyil. Bu baxımdan dünyanın bütün ölkələrində siyasi partiyalar öz üzvlərinə, həm hakimiyyətdə təmsil olunan, həm də vaxtilə təmsil olunmuş üzvlərinə çağırış edirlər. Bu, heç də bütün keçmiş vəzifədə olanlara aid deyil. Mən vaxtilə hökumət üzvü olmuş dəyərli insanlarımızın da müsahibələrini oxudum. Bu baxımdan hər bir kəsin üzv olduğu partiyanın siyasətinin müdafiə edilməsində fəal olmasını arzulayırıq və bunu daha geniş şəkildə görmək istəyirik. Siyavuş müəllim YAP-ın İdarə Heyətinin üzvüdür, YAP-ın icra katibinin müavinidir. Yəni səlahiyyətində olduğu məsələdən danışıb. Hesab edirəm ki, cəmiyyət onu düzgün başa düşüb.

- Kifayət qədər ciddi ittihamlardan söhbət gedir. Xaricdəki müxalifətin maliyyələşdirilməsindən tutmuş, masa üzərindəki sənədlərə qədər...

- Mən o barədə məlumatsızam. Amma Siyavuş müəllim bildirirsə, deməli, bütün bunların hamısı var. Biz heç bir zaman istəmərik ki, Azərbaycan siyasətinə xaricdən əllər uzansın. Biz heç zaman istəmərik ki, xaricdəki siyasi qüvvələr Azərbaycanın daxili siyasətini tənzimləmək oyununu oynamaq istəsinlər. Kim onların burada oyunçusu rolunu oynamağa maraq göstərirsə və yaxud da xaricə öz imkanlarını təklif edirsə, bu, şübhəsiz ki, artıq milli maraqlara xəyanətdir. İstənilən siyasətçi dəstəyi ancaq və ancaq Azərbaycan xalqından və Azərbaycan cəmiyyətindən istəməlidir. Digər variantlar isə gec-tez onun ifşa olunmasına gətirib çıxarır.

- Aydın bəy, bəzi hüquqşünaslar ortada kifayət qədər ciddi ittihamların olduğunu əsas gətirib məsələ ilə bağlı cinayət işinin qaldırılmasını zəruri sayırlar. Sizcə, bu istiqamətdə addımlar atıla bilərmi?

- Yox, mən hesab etmirəm ki, burada mütləq cinayət işi qaldırılmalıdır. Siyavuş müəllim fikrini bildirdi. Buradan o tərəfə özü üçün nəticə çıxarmaq artıq hər kəsin öz işidir.

- Məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunmaqdadır. Belə yanaşmalar var ki, əgər hansısa keçmiş nazir milyardı talayıb kənara çəkilibsə, o halda onun cəzalandırılması, taladığı vəsaitlərin büdcəyə qaytarılması tələb olunmalıdır, nəinki hakimiyyəti müdafiə mövqeyi. Bu məsələyə sizin münasibətiniz maraqlıdır.

- Mən sizə deyim ki, Azərbaycandakı siyasi hakimiyyət heç bir zaman heç kəsin cinayətini ört-basdır etməyib. Hər kəs öz layiq olduğu cəzasını alıb. Gözümüzün qabağında nə qədər keçmiş nazirlərin, hakimiyyət təmsilçilərinin məhkəmələri olub. Bunun özü göstərir ki, kimsə dövlət büdcəsini öz cibi ilə dəyişik salırsa, kimsə dövlətə xəyanət yolunu tutursa, o, mütləq gec-tez cəzasını alacaq, buna kiminsə şübhəsi olmasın. Birincisi, təmsil olunduğun partiyanın siyasətinin təbliğində, onun uğur qazanmasında sən də öz töhfəni ver! Digər tərəfdənsə, cinayət edən öz cəzasını alacaq.

- BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, indi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb. “Əgər bu gün bu edilməsə, gələcəkdə proses daha ağrılı və çətin olacaq. İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir”, deputat həmkarınız bildirib. Müxalifət təmsilçisinin bu fikirləri ilə bağlı nə deyə bilərsiniz? Gözləmək olarmı ki, növbəti cəzalandırma prosesinə start veriləcək?

- Mən hesab etmirəm ki, bu, kampaniya xarakteri daşımalıdır. Yaxud da anons verilir ki, nəsə bir kampaniya başlayacaq. Sadəcə olaraq, hər bir kəsdən qanunlara hörmətlə yanaşması, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi tələb olunur. Bundan kənara çıxan, qanunu pozan, cinayət edən, büdcəyə göz dikən insanlar isə artıq məhkəmə qarşısında cavab verir. Bunun hansısa bir dövrü, şəraiti gözləməyə ehtiyac yoxdur. Aşkarlandıqda, artıq məhkəmə qarşısında cavab verməlidir. Bununla bağlı faktlar yaxın tariximizdə var. Heç də uzaq olmayan günlərdə bir neçə məhkəmə keçirilib.  

- Aydın bəy, siz də Siyasi Şuranın üzvüsünüz. Siyavuş Novruzov YAP Siyasi Şurasının üzvü olan sabiqləri də ittiham etmişdi. Maraqlıdır, həmin sabiqlərlə son dəfə nə zaman görüşmüşünüz, partiyada bir araya gəlmisiniz?

- Demək olar ki, Siyasi Şuranın bütün üzvləri ilə ara-sıra görüşürük. Biri ilə daha tez-tez, digəri ilə müəyyən vaxtdan sonra. Hər biri ilə də yaxşı münasibətlərimiz var.

- Bu xəbərdarlıqdan sonra keçmiş nazirlərdən kimsə sizə telefon açıb “mən də sizinləyəm” dedimi?

- Yox. Mənə elə bir zəng olmayıb. Bu müsahibədən sonra məncə, hər bir kəs o fikirləri oxuyub bir daha düşünməlidir: mən Azərbaycan üçün, bu cəmiyyət üçün nə etmişəm? Mənə elə gəlir ki, bunun üçün mütləq vəzifədə olmaq, YAP üzvü olmaq lazım deyil. Hər kəsin bu cəmiyyətin daha yaxşı olması üçün götürəcəyi yük var və o yükü daşıya bilər.

- Sabiq məmurlara xəbərdarlıqların edilməsinin ardınca Ziya Məmmədovun ofisinin söküldüyü barədə xəbər yayıldı. Sizcə, təsadüfdür?

- Bilmirəm. Məlumatsızam.