Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti görüş keçirilib.

Unikal.org xəbər verir ki, yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, paytaxtın və Suraxanı rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini dinləyiblər. 

Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

Görüşdə söz alan qəsəbə sakini Kəmaləddin Qədimov qəsəbənin sosial-iqtisadi inkişafındakı xidmətlərinə, burada təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və təmirinə göstərdiyi diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib və Mehriban xanımı doğum günü münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş iştirakçıları bu təbrikə qoşularaq onu alqışlayıblar.

Eldar Əzizov qeyd edib ki, M. Əliyeva Azərbaycanın çoxəsrlik tarixində yer tutan ən görkəmli xanımlardan biridir: “O, özünün çoxşaxəli fəaliyyəti ilə ölkəmizdə və Şərq aləmində yeni siyasi mədəniyyəti təsdiq edib”.

Maraqlı dialoq şəklində keçmiş görüşdə 31 nəfər sakinçıxış etmiş, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdırılması, qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikintisi və s. olub.

Bütün müraciət və təkliflər nəzarətə götürülüb.