Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

Unikal.org xəbər verir ki, turun ilk oyun günündə bir matç baş tutub.

Çempionata qələbə ilə başlayan “Səbail” və “Sumqayıt”ın meydanında üz-üzə gəlib. Paytaxt təmsilçisi erkən qolla hesabı açıb. İlk turda olduğu kimi penalti şansı qazanan bakılılar artıq 10-cu dəqiqədə fərqlənmək imkanı qazanıblar. Ağabala Ramazanov 11 metrlik nöqtədən dəqiq olub. Fasilədən sonra da “Səbail” daha üstün olub. Öncə Şəhriyar Rəhimov meydan sahiblərini məyus edib. Ardınca dublunu rəsmiləşdirən Ağabala Ramazanov fərqi üç topa çatdırıb.

Beləliklə, “Səbail” səfərdə “Sumqayıt”ı darmadağın edərək mövsümün ilk böyükhesablı qələbəsinə imza atıb.

Düzdür, uzatma dəqiqələrinin sonunda meydan sahibləri penalti şansı qazanıb. Əmir Ağayevin zərbəsini qapıçı dəf edib.

Qeyd edək ki, turun digər matçları avqustun 25-26-da keçiriləcək. Sabah “Qarabağ” “Qəbələ”ni, “Sabah” “Keşlə”ni, ertəsi gün “Zirə” “Neftçi”ni qəbul edəcək.