19 Sentyabr 2019
Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu
Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu HADİSƏ 12:05 2019-08-20

Ağstafa rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü həbs edilib.

Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, avqustun 6-da saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində kənd sakini Şadət Bayramovun sərxoş halda idarə etdiyi həmkəndlisi Abbas Bağırova məxsus “VAZ 21015” markalı, 05-BG-362 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında olan həmkəndlisi Faiq İbrahimovu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Ş.Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.