Şəmkirdə Sarıtəpə kəndində keçmiş ərin evi yandırması nəticəsində yanıq xəsarəti alan 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və anası 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı Bakı şəhər 5 saylı xəstəxananın yanıq şöbəsinə gətiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, S. Məmmədovanın bədənini 50%, M. Məsimovanın bədənini 70% yanıb.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edilib.

Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

Qeyd edək ki, ötən gecə saat 01.00 radələrində  Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb.  E. Məsimov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.

Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M. Məsimovanın bədəninin 70 faizi yanıb.