Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Fatmayı kəndinin sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Unikal.org xəbər verir ki, icra Hakimiyyətinin başçısı İ.Gülməmmədova əvvəlcə ölkədə və rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərindən danışaraq bu layihələrin bundan sonra da davam edəcəyini vurğulayıb. Fatmayı kənd sakinləri ilə bundan önçəki görüş zaman qaldırılan problemlərin böyük əksəriyyətinin həll olunduğunu deyən İ.Gülməmmədova bildirib ki, səyyar qəbulların keçirilməsində məqsəd sakinlərin problemlərini yerindəcə həll etmək, onlar tərəfindən edilən müraciətlərin reallaşdırılmasıdır. 

Sonra Abşeron RİH başçısının Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif  Haqverdiyev hesabat xarakterli məruzə ilə çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. 

Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə cənab Prezident İham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sakinlər əsasən yeni salınmış küçələrə su, işıq xəttlərinin çəkilməsi və digər bu kimi məsələlərdə köməklik göstərilməsini xahiş ediblər. 

İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.