Avqustun 15-də Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınmışdır.

İlkin istintaq araşdırmaları ilə müəyyən edilmişdir ki, 4 aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum M.Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olmuşdur. M.Feyzullayevin intahar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.

 Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.