Avqustun 13-də saat 12:08-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Bildirçinli kəndi ərazisində avtomat darağının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

ANAMA-dan Unikal.org-a bildiriblər ki, Agentliyin mütəxəssisləri və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə əkin sahəsinə birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində boş avtomat darağı aşkar olunub və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Avtomat darağının ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 200 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.