Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər. 

Məruzəyə əsasən, 150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Hərbi hospitalda sahəsi 7267 kvadratmetr olan ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub.

Müdafiə naziri yeni istifadəyə verilən hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra tibbi personalla görüşüb, onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda qurbanlıqlar kəsilib və xatirə şəkilləri çəkdirilib.