Bakıda quldurluqla üzləşmiş ərəblərə dəymiş ziyan ödənilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, paytaxtın Səbail rayonunun Üzeyir Hacıbəyov küçəsində avqustun 5-də gecə saatlarında Səudiyyə vətəndaşlarına qarşı quldurluq əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü V.Abbasov, Kürdəmir sakinləri – Ş.Abdullayev, 1996-cı il təvəllüdlü A.Qəmbərova, Biləsuvar rayon sakini E.Ağakərimov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Növbətçi Hissə, Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 39-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, istintaq tədbirləri ilə quldurluq yolu ilə talanan 1700 manat pul və 5 ədəd mobil telefon müəyyən olunaraq sahiblərinə qaytarılmaqla, dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.

E.Hacıyev həmçinin qeyd edib ki, qeyri-aşkar şəraitdə törədilən ictimai təhlükəli əməlin polis tərəfindən aşkarlanmaması üçün bütün mümkün imkanlardan istifadə edən cinayətkar qrup “isti izlərlə” yaxalanaraq, onların əməlləri tam sübuta yetirilib. Şübhəli şəxslərdən, ictimai təhlükəli əməlin istintaqla təşkilatçısı sübuta yetirilən Ş.Abdullayevin həyat yoldaşı A.Qəmbərovanın himayəsində azyaşlı uşaq və hamilə olması səbəbindən həbs-qəti imkan tədbiri polisin nəzarəti altına verilmə ilə əvəz olunub. Digər şəxslər barəsində cinayət işi üzrə əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir, onların barəsində həbs-qəti imkan tədbiri seçilib. Onların digər ictimai təhlükəli əməllərdə əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.