Qafqazın qan çanağında bir gün
Qafqazın qan çanağında bir gün

Terrorçu Xəttabın məscidi, Basayevin mühacir xanımı, kəlməsindən qan tökülən çeçenlərin sığınacağı...

...Telaviyə, Gürcüstanın Kaxetiya vilayətinin mərkəzi şəhərinə çatanda artıq şər qarışmışdı. Bizi Laqodexidən Telaviyə aparan taksi sürücüsü Cambulla belə bir şərt kəsmişdik; bu kiçik əyalət şəhərində mənə otel tapmayana qədər ona pul verməyəcəkdim. Maraqlı adam idi Cambul. Elə hey Kaxetiyanın dünyanın ən gözəl yeri olduğundan, Kaxeti şərabının isə az qala xərçəngi belə müalicə etməsindən danışmaqdan doymurdu. Düzü, bu qaranlıq yollarda gördüyüm ancaq yol nişanları idi.

Cambul Telavidən sonrakı taksi xidmətini də təklif etdi. Amma Telavidən Ahmetiyə, oradan isə Omaloya, Birkinaiyə gedəcəyimi biləndə tərəddüd etməsini də təbii qarşıladım. Çünki əvvəldən də bilirdim, bu kəndlərə hər adam maşın sürmür. Həm də Cambulun balaca "Opel"i də bu kəndlərə gedib çıxmaq iqtidarında deyildi.
Omalo, Birkiani, ya da bayaq adını çəkmədiyimiz Duisi, Cokalo... bu adlar bəlkə də sizlərə heç deməyəcək. Amma illər öncə bu kəndlərin adı, daha doğrusu, yerləşdiyi məkanın adı dünyanın əksər telekanallarından, agentliklərindən düşmürdü. Dünyanın siyasi xəritəsində nəzarətsiz ərazi idi buralar. Çeçen müharibəsinin, adını az qala balaca uşaqların da bildiyi səhra komandirlərinin, yaraqlıların, Ərəbistan yarımadasından gəlib çıxan, başlarını da Qafqazlarda qoyan məşhur terrorçuların bir vaxtlar məkanı olub, buralar. Pankisinin, Pankisi dərəsinin. Qafqazın qan çanağının...
Səhəri elə ora gedəcəyik. 21-ci əsr Gürcüstanında hələ də feodal ənənələrin hökm sürdüyü Pankisiyə.

Məbədə, yoxsa
Şərab Evinə?

Hələ ki Telavidə otel axtarırıq. Otel isə, daha doğrusu, Telavidəki otellərdə boş oda isə yoxdur. Cambul verdiyi sözə əməl etdi, amma... Regionu yaxşı tanıyırdı-nədi, şəhərdən çıxıb bir xeyli getdikdən sonra bəndənizi səliqəli bir kottecə gətirib çıxardı. İçəridən çıxan orta yaşlı qadınla gürcücə nə xısınlaşdılarsa, Cambulun üzü güldü. Bahalı da olsa, səliqəli və modern yer idi. Təsəvvür edin, dağın başında istilik sistemi belə ideal səviyyədə işləyirdi. Hələ mən içəridəki xidməti-filanı demirəm...
- Bizdə qonaq olanlar həmişə məbədin yerini soruşurlar, bir də Şərab Evinin. Hansına gedəcəksiz?
Səhərin gözü açılmamış süfrəyə artıq qırmızılı-ağlı, azı 10 çeşiddə şərab düzüblər. Ənənəvi səhər yeməyindən başqa bizim gürzəyə oxşayan xəmir yeməyi bişiriblər qonaqlar üçün.
İçən olmadığımı deyirəm. İsrar edirlər. Sən demə, ev yiyəsinin xətrinə dəyərəm. Təkidlə, amma nəzakətlə rədd edirəm.
- Bəs Şərab Evində də dequstasiya etməyəcəksiz?
- Axı sizə kim deyib mən mütləq sizin Şərab Evinə getməliyəm?
- Bütün qonaqlar, dünyanın hər yerindən gələnlər ora mütləq dəyir. Əsil kaxet şərabından dadır. Bəs siz Telaviyə nəyə gəlmisiz? - bu dəfə oğlu Laşa dillənir.
Cavabımdan duruxdu Laşa. Daha doğrusu, fısıltıyla köks ötürmənin aralığında bir səs çıxardı.
- İndi çörəyini yeyib çıxsan, gecə düşənədək güclə gəlib çıxarsan. Axşam hava qaralandan sonra isə ümumiyyətlə, maşın haqda fikirləşmə. Gəl səni avtostansiyaya qədər ötürüm.
Avtostansiya deyilən yerdə isə məlum oldu ki, mən ancaq Ahmetiyə qədər avtobusla gedə biləcəm. Ondan sonrası isə Allahın və oralara işləyən maşınların ümidinə qalıb.
- Əşyaların ortaqda olacaq, ondan narahat olma. Amma çalış, gecəyə də qalma. Hə, yaxşı ki içmədin...

"Kimsən, niyə gəlmisən?"

Ahmeti bizim Hacıqabuldan da kiçik bir rayon mərkəzidir. Burdan Pankisiyə gedəcək bircə avtobus yoxdur. Məsləhət görürlər ki, ancaq xüsusi taksilərdən istifadə edək:
- Ora adi maşın qalxmır. Siz Kvareltsakli və ya Meraniyə gedin. Ordan "Niva", ya da CİP-lərlə danışın. Onlar dörd nəfəri yığıb, kəndlərə qalxırlar. Sizə tək sərf etməz. Baha aparırlar.
Nəhayət, üç nəfər bir maşını kirayələyə bilirik. İkisi belarus turistdir: Maksim və Andrey. Dağlara dırmaşacaqlar. Bundan artıq heç bir bilgi vermirlər.
Sonradan mən Duisidə onlardan ayrılacam, bir də gecə Telavidə görüşəcəkdim. Və məlum olacaqdı ki, dostlarım bərk, özü də bərk qorxublarmış. Bu barədə bir qədər sonra...
Duisidə, Pankisi dərəsindəki kəndlərin ən böyüyündə maşından düşüb əslində hara gedəcəyimizi də düz-əməlli bilmirdik. Məscidə? Orda nə işimiz olacaqdı ki? Kəndin icra nümayəndəliyinə? Deyəsən, buralarda belə anlayış da yoxdur. Kənarda, maraqlıdı ki divarına "İçkeriya" - Dudayevin vaxtında çeçenlər respublikalarını belə adlandırırdılar - yazılmış ikimərtəbəli tikilinin yanına yığışmış bir dəstə gəncə yaxınlaşırıq.
- Salam aleykum...
- Va aleykum salam...
Və ardınca "Kim lazımdı?" sualı.
"Bakıdanam, jurnalistəm, Lent.az-da işləyirəm, Pankisidən reportaj hazırlamaq istəyirəm" kimi fəlsəfə, deyəsən, buralarda keçərli deyil. Əvəzində saqqalları sinəsini örtən bu cavanlar "Səni bura kim buraxıb, nə məqsədlə gəlmisən" - deyə, az qala üstümə yeriyirlər. Səbirlə yenə başa salmağa çalışıram. Çeçencə öz aralarında nəsə danışırlar. Biri telefonla harasa zəng edir. Telefonu qapadandan sonra isə pasportuma baxır. Azərbaycan vətəndaşı olduğuma əmin olmaq üçün. Sonra fotoaparatı əlimdən alıb, içini qurdalayırlar. Yenə öz aralarında nəsə danışırlar. Nəhayət, zəng etdikləri adam gəlib çıxır. O da saqqalıdır. Amma bu cavanlara baxanda bir az təmkinlidir. Situasiyanı ona da başa salırıq. Prinsipcə etiraz etmir, amma bir şərtlə. Burdakı kişilərin heç birinin fotosu çəkilməməlidir.
Səbəbini isə bir azdan izah edəcəyik. Elə o özü bizə qoşulub bələdçilik edəcəyini deyir. Hətta maşını ilə - çox bahalı bir CİP idi - hara lazımdısa aparacağını deyir. Əlavə suallar olarsa, yenə özü cavab verməyə çalışacaq. Və təbii ki, məni Ahmetiyə qədər yola salacaq. Abdulmalik - onu belə çağırırdılar - bircə güzəştə razı oldu: qocaların şəklini çəkə bilərəm. O da razı olsalar...
Ramzandan qaçanlar

Uzunluğu 20 km-ə yaxın, eni təxminən 3 km olan Pankisi dərəsində əsrlərdir ki, etnik çeçenlər - kistinlər yaşayır. Onlar, necə deyərlər, buraların köklü insanlarıdır. Çeçenistan müharibəsi başlayandan sonra isə buralara minlərlə çeçen qaçqın gəlib. Onların demək olar ki, hamısı Pankisi dərəsindəki kəndlərdə yerləşdirilib. Əksəriyyəti Çeçenistan prezidenti Ramzan Kadırovun "qara siyahı"sındadır. Çünki əksəriyyətinin yaxınları müharibə iştirakçısıdır. Burda yad adamın peyda olmasını da ona görə sinirə bilmirlər. Yox, qorxmurlar, sadəcə, ehtiyatlıdırlar. Birdən gələn Qroznıdan göndərilən emissar olar... Ona görə də kameralardan maksimum uzaq olmağa çalışırlar.
Abdulmalik maraqlı adamdır. O da vuruşub. Deyir, əmisi oğlu Kadırovun sözlərinə inanaraq ailəsi ilə birgə Urus-Martana - Çeçenistanın rayonudur - qayıdıbmış. Amma qayıdandan iki gün sonra həbs edilib. İşgəncəyə məruz qalıb. Sonra isə 7 il azadlıqdan məhrum edilib. Onun ailəsini də təzədən Pankisiyə, Omalo kəndinə qaytarıblar...
Abdulmalikin maşınında Duisidən Omaloya gedirik. Kəndə çatmağa az qalmış yanacaq problemi yaranır. Abdulmailk kənddəki bir həyətə girir. Ev sahibi ilə çox mehriban görüşürlər. Şamil adlı bu oğlan bayaqdan saqqalsız gördüyüm yeganə çeçendir. Bayaqkılardan fərqli, çox şən adama oxşayır. Qonşudan 20 litr benzin alırıq. Abdulmaliklə nə danırlarsa, maşını Şamil sürməli olur. Abdulmalik isə onlarda qalır.
- Qaynımdır. Hara lazımdı gedək, problem yoxdur. Qoy, qalıb bacısı ilə dərdləşsin. (Gülür)

"Bax, o cığırlarla
gedib-gəlirik"

Maşınımız elə hey dağlara tərəf yol alır. Şamili Allah özü mənim üçün yetirib. Qaynından fərqli, heç bir kompleksi yoxdur. Arada bir içməyi də var. Deyir, gecə qalsan qoyun kəsərdim, yeyib-içərdik.
- Yoxsa bunlar? Qardaş, mən də Allaha inanıram. Amma yeyib-içməyimdən də qalmıram. Bu da bir nemətdir. Düz deyil?
- Əlbəttə, düzdür... (Dağın başı, çeçen bir də mən... ayrı nə deyəsiyəm ki...)
Maşın bir qədər də irəli gedib, dayanır.
- Bax, biz o cığırlarla qaçıb bura gəlmişik. Hələ də qohumları görməyə o cığırlarla gedib-gəlirik
Dərhal da səhvini düzəldir:
- Qaçmamışıq, ora qayıdacağıq. Amma indi mümkün deyil. Müharibə qurtarandan sonra qayıtmaq istəyirdik. Kadırov hətta söz də vermişdi ki, olan olub, bütün çeçenlər yeni həyata başlamalıdır. Amma vədinə əməl etmədi. Geri qayıdanları ya həbs etdirdi, ya da işgəncə verdirdi. Atasının qisasını alır. Amma çeçenlər bunu onlara bağışlamayacaq.

"Gelayev burda
dövlət yaratmışdı"

Şamil deyir ki, Pankisi onların sığınacaq yeri olmayıb təkcə. Bura həm də onların tarixi vətənidir.
- Burda kistinlər yaşayır, bilirsən. Onlar da çeçendirlər. Bu torpaqlar da bizim tarixi ərazilərimizdir. Amma Gürcüstan dövlətindən narazılıq edə bilmərik. Onların yardımları hesabına yaşayırıq. Yoxsa, burda iş nə gəzir? Hə, sənə bir maraqlı fakt deyim. O vaxt Ruslan Gelayev öz dəstəsi ilə bura keçəndə burda Pankisistan adlı dövlət də yaratmışdı. Paytaxtı da Duisi. (Gülür) Hə, təəccüblənmə. Doğrudan deyirəm. Bax, gəldiyin yolda, Duisinin girəcəyində şlaqbaum da qoymuşduq. Dövlətimizin ərazisi oradan başlayırdı, bax, - əli ilə bir qədər aralıdakı dağları göstərir - orda qurtarırdı. (Gülür) Allaha and olsun, gülməyimə baxma, düz deyirəm. Hətta Şevardnadzeylə də görüşmüşdülər. Şevardnadzeyə də demişdi ki, burda Pankisistan dövlət yaratmışam.
- Şevardnadze nə demişdi?
- (Gülür) Nə deyəcəkdi? Gülmüşdü. Sonra da gürcü xüsusi təyinatlılarını göndərmişdi. Guya burda qayda yaratsınlar. Onlar da bir-iki gün qalıb getdilər. Buralar nəzarətsiz olub həmişə. Bir az adamımız olsun, elə burda, bu Cokolada öz dövlətimizi elan edək. (Qəhqəhə çəkir) Gelayev cəsur adam idi. Qəhrəman kimi də həlak oldu. Hər dəfə Duisiyə gələndə özüylə bir maşın şokolad gətirərdi. Şokoladı çox sevirdi. Elə öldürüləndə də, əlində şokolad olub.

"Xəttab gələrdi, qurban
kəsib, gedərdi..."

Şokoladdan söz düşmüşkən, Pankisidəki kəndlərdə çox xırda marketləri nəzərə almasaq, elə də dükan-bazar yoxdur. İnsanlar aylıq bazarlıq üçün Ahmetiyə gedirlər. O da Gürcüstan hökumətinin verdiyi müavinəti alanda. Rəsmi Tiflis çeçen qaçqınlara adambaşına aylıq 20 lari pul verir. Başqa yardımlar da olur. Amma bu yardımlar əsasən geyim və ərzaqdır. Avropadan göndərilir.
Kəndlərdə iş yoxdur. Daha doğrusu, iş yeri. Amma hər kənddə iki-üç məscid var. Həmin məscidlərdən birini isə məşhur ərəb terrorçu Ömər Xəttab tikdirib. Məscidin həyətində bir neçə nəfər var. Şamil deyir ki, məscidin şəklini çəkməyə heç bir problem yoxdur. Amma insanları çəkmək olmaz. Daha dəqiqi, özləri istəmirlər.
- Bu məscidi Xəttab tikdirib, Səudiyyədən gələn pulla. Özü də tez-tez bu məscidə gələrdi. Haradan? Elə oradan, dağlarla. Burdan-buradır da. Özü də çox adamla gəlməzdi. Gələr, bir qurban kəsdirər, çay içər, gedərdi. Onun ayrıca fincanı, boşqabı vardı. Sonradan bir yaramaz çeçen həmin fincanı və boşqabı 100 dollara bir turistə satdı. Bunu bilən kimi onu kənddən qovdular. İndi Allah bilir, hansı cəhənnəmdədir. Ümumiyyətlə, burda Şamil də olub. Salman Raduyev də. Şamil bildin də, Basayevi deyirəm. Onun hansısa arvadı da Duisidəndir. Neçənci arvadıdı, bilmirəm. Bir qədər əvvələ kimi burda yaşayırdı həmin gəlin. Deyəsən, Avropaya köçüblər. O vaxt Alazanın qırağında Xəttabın təlim düşərgəsi vardı. Gürcüstan tərəfi sonradan oranı güclə yığışdırdı.

"O mağaralarda adam
tapmaq olar?"

Şamil deyir ki, onların adı çox vaxt adam oğurluğunda, heroin sexlərinin saxlanılmasında çəkilir.
- Hamısı boş söhbətlərdir. Biz nə bilək kim kimi harda oğurlayıb, hara aparır. Burda adam tapmaq, mağara tapmaq olar? Keçilməz yerlərdir buralar. O qədər quldur, o qədər yarmaz adam var ki, bütün zibillərini bura daşıyırlar. Hə, danışırlar ki, Birkiani tərəflərdə, bir az da o yanlarda elə mağaralar var ki, adamları oğurlayıb ora gətirilər, sonra da pul tələb edirlər. Heroin də bizlik deyil, vallah. Cənubi Osetiyada o işlə məşğul olurlar. Gürcüstan oralara da nəzarət edə bilmir. Pankisnin bir ucu da Osetiyanın sərhədinə kimi gedib çıxır.
***
Şamil təklif edir ki, geriyə - Duisiyə qayıdaq. Deyir, buralarda axşama qalmaq da məsləhət deyil,
- Girov götürərlər?
- (Gülür) Yox. Amma məsləhət deyil. Qayıdaq.
Niyə məsləhət olmamasını izah etmədi, Şamil. Yavaş-yavaş geri qayıdırıq. Təkidlə gecəni onlarda qalmağı təklif edir.
- Ağ, qırmızı, ürəyin necə istəyir çaxırım var. Hələ çaça da var. Qal, qoyun kəsim.
- Bəs qaynın bilir ki, içirsən?
- (Gülür) Qaynım yox e, bilsələr, özgəsi məni kəndən qovar. Yoldaşımdı, uşaqlardı, evdə. Yoldaşım Leninqradda universiteti bitirib, bioloqdur. Mən özüm isə Stavropolda oxumuşam. Bizə bir qədər qəribə baxırlar buralarda. Saqqal saxlamıram, yoldaşım başını bağlamır. Uşaqlar ancaq məktəbə gedir, mədrəsəyə getmir. Bir sözlə "ağ qarğayıq" burda.
- Bəs Avropaya niyə köçmürsüz, imkanınız var axı?
- Mən köçərdim, Muslimat istəmir, həyat yoldaşım. Atasının, iki qardaşının qəbri qalıb Şatoyda. Müharibədə həlak olublar. Anasını isə burda dəfn etmişik. Deyir, onları qoyub gedə bilmərəm. Ora isə qayıtmaq mümkün deyil.
Dərindən köks ötürür, Şamil. Bayaqdan ilk dəfədir ki, onu belə kədərli görürdüm. Şəklini çəkmək istəyirəm. Başıyla yox deyir...
...Şamil bizi Meraniyə kimi gətirdi. Ordan isə taksi ilə Ahmetiyə, Ahmetidən isə Telaviyə qayıdırıq. Saat 10 olardı Telaviyə çatanda. Belaruslar bir qədər gec gəlib çıxacaqdılar. Məlum olacaqdı ki... Omaloda kənddə bir başı örtüklü qadının şəklini çəkmək istəyiblər. Və necə deyərlər, ilişiblər. Sonrası isə yaxşı olmayıb. Bir mağaraya aparıb bir balaca çırpıblar onları. Axşama kimi saxlayıb, özləri demişkən, Ahmetiyə gətirib atıblar. Bu basabasda pulları da yoxa çıxıb.
Laşa deyir ki, polisə müraciət etməyin heç bir mənası yoxdur. Çünki "heç kimin boş bir şey üçün oralara getməyə nə vaxtı, nə də həvəsi olacaq"...
***
Səhəri Tiflisə gedəcəyik. Amma Pankisi ilə bağlı daha bir yazımız olacaq. 35 il bundan əvvəl SSRİ-də seyrçi sayına görə rekordlar qıran Daneliyanın "Mimino"sundan, onun çəkildiyi kənddən yazacağıq. Maraqlı olacaq, məncə. Filmin qəhrəmanlarından biri demişkən: "Ya tak dumayu".

Səbuhi Məmmədli,
Telavi - Ahmeti - Duisi - Omalo (Gürcüstan)