"Dünya çempionatına gedəcək milli komandanın heyəti məlum oldu. Mən bu dünya çempionatında heyətdə yoxam". 

Bu sözləri 2 qat dünya və 3 dəfə Avropa mükafatçısı cüdoçu Oxan Səfərov deyib.  

Unikal.org xəbər verir ki, idmançı özünə qarşı laqeydlikdən şikayətlənib:

"Federasiyamızın mənə böyük dəstəyi olduğu halda, baş məşqçi ilə olan problemlərim mənim heyətdən kənar qalmağıma səbəb oldu.  60 kq-da keçirilən "yenidən baxış" 3 nəfər aradsında keçirilən yarışda öz istəyimlə iştirak etmədim. Düşündüm ki, mən yenidən baxılacaq bir idmançı deyiləm və 3 Avropa medalı və 2 Dünya çempionatı medalı buna sübutdur. O biri iştirakçıların heç birinin böyük arenalarda medalı da yoxdur.

Tokio Dünya Çempionatı mənsiz olacaq, mənə azarkeşlik edən hər kəsə təşəkkür edirəm". 

Xatırladaq ki, cüdo üzrə milli komandanın ukraynalı baş məşqçisi Ruslan Maşurenko gəldiyi gündən etibarən (2017-ci il, noyabr) Azərbaycan Cüdo Federerasiyasında bəzi ayrı-seçkiliklərə səbəb olmşdu. 

Bundan əlavə Rövnəq Abdullayevin rəhbəri olduğu federasiyada ukraynalı məşqçiyə görə, keçmiş baş məşqçi Fərhad Məmmədovu və  bəzi idmançılar "qurban verilib".  Bunun səbəbi Ruslan Maşurenkonun yerli idmançılarla tez-tez fikir ayrılığına gəlməsidir.