Bu gün saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Səngəçal stansiyasında birinci yola daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov, ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərkən, qəfil qatarın qabağına çıxıb.

Unikal.org xəbər verir ki, bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən məlumat verilib.

Məlumata görə, lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılmış, ilkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Aldığımız ilkin məlumata görə, hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.