Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında “Çin texnologiyası ilə əkilən pambıq sahəsində aqrotexniki qulluq qaydaları” mövzusunda tarla seminarı keçirilib.

Unikal.org xəbər verir ki, tarla seminarında innovativ Çin texnologiyası ilə əkilmiş 10 hektarlıq nümunəvi pambıq sahəsində növbəti aqrotexniki əməliyyat olan ucvurma prosesi əyani şəkildə fermerlərə nümayiş etdirilib. Sahə nümayişində Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, çinli mütəxəssis Dey Xun Vi, eləcə də Ucar, Kürdəmir, Zərdab və Yevlax rayonlarında pambıq əkən fermerlər iştirak edib.

Sahə nümayişində iştirak edən fermerlərə pambıq bitkisinə qulluq qaydaları, növbəti aqrotexniki tədbirlərdən biri olan ucvurma əməliyyatının əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, yüksək məhsuldarlıq əldə etmək üçün aqrotexniki qaydalara vaxtında və düzgün əməl etmək lazımdır: “Pambığın tez yetişməsi və vaxtında yığılması, növbəti əkin prosesində çətinliyin olmaması üçün aqrotexniki qaydalara düzgün riayət etmək lazımdır. Bu aqrotexniki əməliyyatlardan biri də ucvurma əməliyyatıdır. Pambıq kollarının ucunun vurulması bar orqanlarının vaxtında yetişməsinə səbəb olur”.

Nazirliyin mütəxəssisləri Çinə məxsus innovativ texnologiya əsasında əkilən və hazırda becərmə işlərinin aparıldığı pambıq tarlası ilə əyani tanışlıq zamanı iştirakçılara respublikada pambıqçılıqla bağlı üç model təsərrüfatın yaradıldığını bildiriblər. Belə ki, Çin texnologiyası ilə yanaşı, Beyləqanda türk, Tərtər və Salyanda yunan model təsərrüfatları da təşkil olunub. Vurğulanıb ki, bu innovativ texnologiya fermerlərin daha az əziyyət çəkmələrinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləmələrinə səbəb olur. Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır. Çin texnologiyasının texniki üstünlüyü ondan ibarətdir ki, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür.

Seminarda pambıq bitkisinə düzgün aqrotexniki qulluq qaydaları ilə bağlı müzakirələr aparılıb, ucvurma əməliyyatının təşkili ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.