Kompüter sisteminə qanunsuz daxil olma və bir neçə cinayətdə təqsirləndirilən şirkət rəhbəri Rəhman Musayevin barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə baxılıb.

Unikal.org xəbər verir ki, Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Musayevin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, R.Musayevin barəsində Cinayət Məcəlləsinin 271-ci (kompüter sisteminə qanunsuz daxil olma), 177-ci (oğurluq) və 192.2.1-ci (qanunsuz sahibkarlıq, külli miqdarda ziyan vurduqda) bir neçə maddə ilə ittiham irəli sürülüb.

O, daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həbs edilib və MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qrup tərəfindən onun istintaqı aparılıb.

İttihama görə, R.Musayevin "Azəriqazbank"da pul hesabı olub. O, xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub. MTN-ə çağırılan R.Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı bir neçə maddə ilə ittihamlar irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Musayevin barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra R.Musayev apellyasiya şikayəti verərk, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun anasının adına olan bir neçə torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülüb. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, R.Musayev və ailəsi də "MTN işi"ndə zərərçəkmiş kimi tanınıb. O, Mavrikiy Respublikasında fəaliyyət göstərən “İnrageous Payment LTD” şirkətinin Azərbaycandakı filialının direktoru vəzifəsində işləyib.