50 manat borca görə tanışını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Əgər onun əməli sübuta yetirilərsə, ömrünün 10 ildən çoxunu dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.

Unikal.org musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Orxan Əliyev tanışı Zaman Rüstəmovla borc pul məsələsinə görə mübahisə edib. Zaman aldığı pulu dediyi vaxtda qaytara bilmədiyi üçün bir neçə dəfə Orxanla mübahisə edib. Sonuncu mübahisə isə cinayətlə nəticələnib.

Belə ki, Orxan Zamana zəng edərək pulunu tələb edib. Zaman isə yenə də pulu verə bilməyəcəyini, imkanı olmadığını deyib. Bu isə Orxanın xoşuna gəlməyib. Əvvəlcə telefonda mübahisə ediblər. Sonra Orxan Zamanın yanına gedərək onun maşınına əyləşib. Mübahisə burada da davam edib və Orxan cibində olan bıçaqla sükan arxasında əyləşən Zamana bir neçə dəfə zərbə endirib. Zaman maşından düşərək qaçıb, Orxan isə hadisə yerindən uzaqlaşıb.

İstintaq orqanı Orxana qarşı Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürüb. Elan olunmuş ittihamla Orxan özünü qismən təqsirli bilib. Deyib ki, Zamanı öldürmək niyyəti olmayıb.

Hadisənin baş vermə səbəbi haqda Orxan sərbəst ifadəsində bunları deyib: "Zamanla bir-birimizi bir ilə yaxındır tanıyırıq. Onunla dostluq münasibətlərimiz olub. Dəfələrlə bir məclisdə olmuşuq. Sonuncu dəfə də onun ad günü məclisində olmuşuq. Mən ona yüz manat borc vermişdim. Əlli manatını qaytardı, amma qalanını yox. Mən bir neçə dəfə ona zəng edib pulumu istədim. Pulumu qaytarmadığı az deyilmiş kimi, məni də təhqir edirdi. Mən onun əmisi oğluna da bunu dedim. Dedim ki, Zaman bu nə hərəkətdir edir? Zamana zəng edib pulumu istəyəndə mənə dedi ki, sən nə həyasız adamsan? Bu söz məni çox əsəbiləşdirdi. Telefonda məni təhqir elədi. Ona zəng edib görüşə gəlməsini istədim, o isə gəlmədi. Mən onun yanına getdim. Maşınına oturanda yenə mübahisə elədik. Yenə kobud cavab verdi. Bıçaq çıxaranda mən də cibimdən bıçaq çıxarıb onu vurdum".

Hakim Orxandan cibində bıçaq gəzdirməsinin səbəbini soruşub. Orxan deyib ki, KamAZ sürücüsü olduğu üçün həmişə cibində bıçaq olurmuş: "Ağır maşındı. Tez-tez problemlər olur, yolda qalırsan. Bıçaq da hər zaman lazım olur. Ona görə də cibimdə bıçaq olurdu".

Orxandan o da soruşulub ki, niyə Zaman sükan arxasında, təhlükəsizlik kəməri bağlı olduğu halda ona ardıcıl zərbələr edindirib. Bu suala cavabında Orxan deyib ki, vurduğu zərbələrdən sadəcə birini xatırlayır: "Mən bir zərbə vurdum. Onu da Zaman bıçaq çıxardığı üçün. Digər bıçaq xəsarətləri biz əlbəyaxa olan zaman dəyib. Mən istəsəydim, Zamana maşından düşməyə imkan verməzdim. Kəməri də bağlı olduğu yerdə onun sağ tərəfindən vurardım".

Orxan əməlindən peşman olduğunu, Zamanla barışdığını deyib. Məhkəmədə zərərçəkmiş Zaman da dindirilib. Zaman deyib ki, Orxanı təhqir etməyib. Orxanın işlətdiyi ifadə xoşuna gəlmədiyi üçün onunla kobud danışıb: "Məndən pulunu istəyəndə olmadığını dedim. Sonra məni yanına çağırdı. Mən də gələ bilməyəcəyimi dedim. Mənə "kimsən sən, taksi sürücüsüsən də" dedi. Bu sözə acıqlandım. Sonra Orxan mənim yanıma gəldi, maşına minəndə mənə bıçaq çıxardı".

Zaman bildirib ki, maşından düşəndən sonra yanına bir nəfər yaxınlaşıb. Onun köməyi ilə xəstəxanaya gedib. Bir neçə gün xəstəxanada qaldığını deyən Zaman müalicə xərclərinə kömək edildiyini deyib.

Məhkəmə araşdırması davam etdirilir.