19 Avqust 2019
18 Avqust 2019
"Xalq Cəbhəsinin qarşısında sülənənlərin məqsədi bəlli idi" - Araz Əlizadə
"Xalq Cəbhəsinin qarşısında sülənənlərin məqsədi bəlli idi" -Araz Əlizadə MÜSAHİBƏ 11:10 2019-07-27

Artıq Milli Məclis yarımillik fəaliyyətini yekunlaşdıraraq tətilə çıxıb. Amma ötən dövrdə parlamentin fəaliyyəti olub və kifayət qədər iş görülüb. Ölkədəki ictimai-siyasi durum və digər məsələlərlə bağlı "Unikal" qəzetinə müsahibə verən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə ilə söhbətə parlamentin ötən dövr ərzindəki fəliyyəti barədə sualla başladıq. 

-Araz müəllim, öncə Milli Məclisin bu ilin ötən dövrü ərzindəki fəaliyyəti barədə fikirləriniz bilmək istərdik. Ümumi götürdükdə parlamentin fəaliyyətini qənaətbəxş saymaq olarmı?

-Bu il Milli Məclis məhsuldar işlədi. Belə ki, bu ilin ötən dövründə çoxlu vacib qərarlar qəbul elədik. Dövlət Büdcəsini təsdiq elədik. Bir qədər sonra müəyyən məsələlərlə bağlı büdcəyə yenidən baxaraq, dəyişiklik elədik. Büdcəni artırdıq ki, insanların əməkhaqqı, pensiya və müavinətlər artsın. Odur ki, əsas istiqamət əhalinin sosial rifahının yaxşılaşdırılması olub. Ona görə də hesab edirəm ki, Milli Məclis bu məsələdə öz üzərinə düşən işi görüb.

-Amma cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə...

-(Sualı sona qədər dinləmir)Məni sosial şəbəkələr maraqlandırmır. Bir dəfə demişəm ki, harda avara var, sosial şəbəkəyə yığışıb, gic-gic yazır. Ona görə də gic-gic yazılara niyə münasibət bildirməliyəm? Kim nə yazır, yazsın...

-Mən ictimai rəyi nəzərdə tuturam...

-İctimai rəyə görə nə qədər insan sosial şəbəkədə var? Azərbaycanın əhalisi on milyondur, onun heç bir milyonu sosial şəbəkədə yoxdur. 

- Hesablamalara görə, təkcə facebookda 2 milyondan çox istifadəçi var...

-Yenə də deyirəm, mən sosial şəbəkə ilə maraqlanmıram. Orada nəsə yazanların da fikri məni maraqlandırmır. 

-Sualımın məğzi odur ki, bu gün cəmiyyətdə Milli Məclisin, statusu, deputatların mövqeyi, proseslərə təsiri ilə bağlı fərqli fikirlər var...

-Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb. Ona görə də hərə öz ağlına uyğun düşünə bilər, istədiyi nəticələr çıxara bilər. Bu baxımdan, Milli Məclis, eləcə də deputatlarla bağlı fərqli fikirlər ola bilər. Bunu da normal qəbul eləmək lazımdır.   

-Qeyd etdiniz ki, ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması yönünda kifayət qədər addımlar atılıb...

-(Tələsik) Mən demirəm ki, Azərbaycanda sosial problemlərin hamısı həll edilib. Bu istiqamətdə addımlar atılıb. Bu il ərzində əmək haqlarının, pensiya və müavinətlərin artırılması və digər addımlar da bunu göstərir. Büdcədə sosial sahəyə ayrılan vəsaitin artırılması da bunun sübutudur.

-Amma Sizdən fərqli düşünənlər var...

-Elə ona görə də buna cəmiyyət deyirlər ki, hamı eyni cür düşünmür. Hərənin öz mövqeyi, öz fikri var. Yəni, burada təəccüblü bir şey yoxdur. Amma fakt odur ki, ötən dövrə nisbətən əhalinin sosial rifahının artması üçün addımlar atılıb.

Bu gün mənim fikrimin əleyhinə danışanlar, hər şeyin pis olduğunu deyənlər 92-93-cü illərdə bir il hakimiyyətdə olublar. O zaman Azərbaycanı böyrü üstə qoydular. Ölkəni vətəndaş müharibəsinə gətirdilər və qaçıb getdilər. İndi də durub ağızlarına gələni danışırlar. Onlar azdırlar, amma həyasızdırlar. İndiki müxalifət boş çəllək kimidir, ancaq səs-küy qaldırır. Onu da bilin ki, boş çəllək daha çox səs edir.

- Deyirsiniz ki, sosial sahədə müəyyən addımlar atılıb. Sözünüzdən belə çıxır ki, hələ görüləsi işlər var. Bu istiqamətdə partiyanızın, deputat kimi Sizin hansı təklifləriniz var?

- Mən təklif vermirəm, işləyirəm və çalışıram ki, bizim partiyanın proqramı həyata keçsin. Bizim partiyanın proqramında əsas məsələ insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Konkret məsələləri isə Milli Məclisdə qaldırıram.

-  Araz müəllim, partiyalar əvvəllər daha aktiv idi, qərargahlarda daha çox adam olurdu, müzakirələr gedirdi və s. Amma indi o aktivlik yoxdur. Sizcə, niyə?

-Bilirsiniz, son dövrlər işsizlik problemi həll olunub, daha partiyalarda çoxlu avara insanlar toplanmır. O vax adamların işi-gücü yox idi, gəlib partiyalarda avara-avara dayanırdılar. İndi artıq bu məsələ həll olunub deyə, o adamlar yoxdular.

-Sizin partiyada da avaralar toplanırdı?

-Bizdə də işsiz, avara adamlar çox idi. İndi də işsiz adamlar var, amma əvvəlki kimi partiyalarda yığışmırlar. 

-İşsiz avara adamlar niyə siyasi partiyalara gəlsinlər ki?

-O adamların əksəriyyəti bəlkə də qaytardılar fikri ilə yaşayırdılar. Ona görə də siyasi partiyalara toplaşırdılar. Mən vaxtiylə deyirdim ki, Xalq Cəbhəsinin qarşısında sülənənlərin məqsədi bəlli idi. Elə bilirdilər ki, yenə də təsadüfən hakimiyyətə gələcəklər. Amma tarixdə belə hadisələr təkrarlanmır. Xalq Cəbhəsinin qarşısına toplananların biri o birinə deyirdi ki, bəy, 10 qəpiyin var, gedək peraşki alaq. Bax, o vaxt siyasi partiyalardakı adamların əksəriyyəti bu cür adamlar idi. 

-İndi onlara iş verildi, yoxsa necə?

-Yaratmaq, işləmək, pul qazanmaq imkanları yarandığına görə insanlar avara-avara gəzməyə son qoydular. Ona görə də daha oralarda toplanmırlar.
 Əvvəllər meydana yüz min adam çıxırdı, indi nə qədər adam çıxır?

-İndi xeyli azalıb...

-Hə də... Çünki camaatın işi-gücü var. Gəlib bu yarıtmaz müxalifətin yanında niyə boş yerə vaxt itirməlidir? İnsanlar peşə, iş, karyera haqqında fikirləşirlər, uşaqlarının gələcəyini düşünürlər. Buna uyğun da hərəkət edirlər. Belə olan təqdirdə müxalifətin sıraları boşalır və meydana çıxarmağa adam olmur. 

-Amma Sizin radikal müxalifət adlandırdığınız şəxslər iddia edirlər ki, camaatı qorxutduqlarına görə meydana çıxmırlar...

-AXCP sədri Əli Kərimlinin oğlu qorxusundan qaçıb xaricdə gizlənib. Dədəsinə xaricdən müftə pullar gəlir, o da burda xərcləyir, sonra da camaatı günahkar çıxarır. Əli Kərimli deyir ki, camaat qorxusundan mitinqə gəlmir. Əgər belə cəsarətlisizsə, birinci oğlun gəlsin Azərbaycana, mübarizəyə qoşulsun, camaata da nümunə göstərsin. Amma gəlmir. Deməli, bu adamların iddialarının heç bir əsası yoxdur. Yalandan camaatın başını qatıb özləri xaricdən aldığı pullarla yaşayırlar. 

- Deyirsiz ki, avara adamlar hansısa məqsədlər üçün müxalifətə qoşulmuşdu, amma qəlbən müxalifətçilik edənlər də var idi...

-Mən sizə bir söz deyim. Bu həmin müxalifətdir ki, 88-ci ildə insanların başını divara çırpdı, 90-da, 92-də də insanları uçuruma apardılar, sonra 2003-cü ildə insanları aldatdılar. Axı insanların başı bunlara görə nə qədər zərbə altına düşəcək? Bir qrup savadsız, amma ambisiyaları yüksək olan insanlar ortaya düşüblər, illərdir ki, ortadan çıxmaq fikirləri də yoxdur. 

-Axı, bu gün də həmin o bir qrupun yanında dayananlar var. Onların məqsədi nədir?

-Onların hamısının şəxsi maraqları var. Yenə də deyirəm, bu adamlar hələ bəlkə də qaytardılar, yuxusundan ayılmayıblar. O vaxt bir ildə o qədər oğurlamışdılar ki, ağızlarında şirə qalıb.
Mən onların ətrafında yeni nəsil görmürəm. Yenə də həmin adamlardır. Eyni düşüncədədirlər. Ölkənin gələcəyi, demokratiya və digər mühüm məsələlərlə bağlı heç nə düşünmürlər. Artıq cəmiyyət onların əsil sifətini bildikləri üçün onlara yaxın getmirlər.
Amma bir şeyi deyim ki, gələcəkdə o insanlar siyasətə gələcəklər ki, peşələrində böyük uğur qazanacaqlar. Onlar peşələrində uğur qazanandan sonra düşünəcəklər ki, vətən üçün nə edə bilərəm. O zaman siyasətə gəlcəklər və ölkənin inkişafı üçün öz töhfələrini verəcəklər.

-Müxalifətdəkilər deyir ki, hakimiyyətdə yalnız kosmetik dəyişiklik olur, idarəetmənin mahiyyəti dəyişmir. Bu barədə nə deyə bilərsiniz?

-Baxın, görün nə qədər nazirlər dəyişib, hakim komandada necə cavanlaşma gedib. Xaricdə təhsil almış yüksək ixtisaslı nə qədər gənclər siyasətə gəliblər, dövlət idarəçiliyinə cəlb olunublar. Siz niyə bunları görmək istəmirsiz?

-Mən qeyd etdiyiniz dəyişiklikləri görürəm, müxalifətin iddialarını deyirəm...

-Onların fikri məni maraqlandırmır. 

-Axı, onlar Sizin opponentinizdir...

-Onlar heç kimdir. Onların hansı səviyyəsi var ki, mən onlara oppenentlik edim. Bu insanlar 88-ci ildən küçələrdədirlər, hələ indiyə qədər ortaya bir proqram qoya bilməyiblər. Ona görə də onların cəfəng iddiaları barədə danışmağa dəyməz.

Z.Məmmədli