Artıq bir müddətdir ki, Azərbaycanda minik avtomobillərinə pərdə və plyonka vurulmasına görə cərimə yazılıb yazılmaması barədə anlaşılmamazlıq mövcuddur. Belə ki, bəzi DYP əməkdaşları bu anlaşılmamazlıqdan istifaə edərək, avtomobillərinə plyonka vuran sürücüləri cərimələyirlər. 

Unikal.org xəbər verir ki, qeyri-rəsmi olsa da, plyonkalı maşınlara cərimə yazılması qadağan edilib. Lakin bəziləri həddi aşaraq qabaq yan şüşələrə, alın şüşəsinə də plyonka vurur. DYP isə bunu sadəcə, seyr edir. Amma Salyanda artıq bir neçə sürücüyə yol polisi tərəfindən cərimə yazılıb. Ucnoqta.az saytına bununla bağlı müraciət daxil olub. Belə ki, avtomobilin arxa yan şüşələrinə plyonka vurduğuna görə sürücü Salyan DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq cərimə yazılıb, avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Sürücü Rafiq Eldar oğlu Quliyev bildirib ki, 99 YP 563 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan inspektorlar onun idarə etdiyi "Mercedes" markalı, 99 KJ 823 dövlət nömrə nişanlı avtomobili arxa yan şüşələrdə plyonka olduğu üçün cərimə meydançasına aparıb. Daha sonra DYP bölməsində sürücüyə 150 manat cərimə yazılıb. Az sonra sürücü 99 YP 562 nömrəli patrul avtomobilində xidmət aparan Raqil adlı polis zabitinə yaxınlaşaraq maşının buraxılmasını istəyib. Lakin polis zabiti bildirib ki, onun icazəsi olmadan maşın buraxıla bilməz, avtomobil orada ən azı 3 saat qalmalıdır.