Sərdar Cəlaloğlu: “Siyasi liderlər şəxsi ambisiyalarını ön plana çıxararaq, müxalif düşərgədə birliklərin yaranmasına, müxalif qüvvənin güclənməsinə imkan vermirlər”

Müxalifət düşərgəsində daxili çəkişmələr davam edir. Bir müddət əvvəl yaranan Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı daxilində yaranan narazılıqlar pik həddindədir. Hətta bəzi müxalifət nümayəndələri həmin birlikləri tərk ediblər. Maraqlıdır, müxalifət düşərgəsində niyə monolitlik əldə olunmur?

Bu və ya digər məsələlərlə bağlı “Unikal”qəzetinə müsahibə verən ADP sədri Sərdar Cəlaloğlu bəzi mətləblərə aydınlıq gətirib.

-Sərdar bəy, müxalifət düşərgəsindəki daxili qarşıdurmalar bitmir, nəyi bölüşə bilmirsiz?

-Öncə onu deyim ki, müxalifəti Azərbaycan xalqından ayrıca təsəvvür eləmək yanlışdır. Müxalifət də xalqın bir hissəsidir, sadəcə olaraq, siyasiləşmiş və təşkilatlanmış qrup formasında fəaliyyət göstərir. Bu gün müxalifətdə hansı qüsurları görürsünüzsə, onları həm iqtidara, həm də xalqa aid etmək olar. Bu gün Azərbaycan xalqında həmrəylik yox dərəcəsindədir. Bu həmrəyliyin olmaması həm iqtidar, həm də müxalifət daxilindəki həmrəyliyin pozulmasına gətirib çıxarıb. Yəni, bu gün müxalifətdə gördüyün parçalanma cəmiyyətin ümumi vəziyyətindən irəli gəlir. Hesab edirəm ki, cəmiyyətdə həmrəylik yüksək olsa, həm partiyalarımız indiki kimi zəif olmaz, həm də siyasi qüvvələr bu cür dağınıq olmaz. Belə bir məqamda isə təkcə müxalifət yox, eyni zamanda, iqtidarla müxalifət də bir araya gəlib ümummilli məsələlərdə vahid mövqedən çıxış edə bilər. Bu gün bir araya gəlmək Azərbaycanın bir nömrəli problemidir. Deyərdim ki,vətəndaşlarımız nəinki Azərbaycanın daxilində, hətta xaricdə yaşayan vətədaşlarımız arasında da həmrəylik yox dərəcəsindədir. Bu yaxınlarda Fuad Abbasovun Rusiyadan çıxarılması ilə bağlı oradakı azərbaycanlıların təşəbbüslərini yadınıza salsanız, görərsiniz ki, Azərbaycan xalqı milli düşüncədən nə qədər uzaqlaşıb. 

-Belə bir vəziyyət nəyin nəticəsində yaranıb?

-Bu, hakimiyyətin apardığı siyasətin nəticəsində yaranıb. Ölkədə o qədər intriqa toxumu səpilir,  o qədər qarşıdurma meylləri yaranır ki, müxalifətçilərə qarşı o qədə qeyri-konstitusion münasibət göstərilir ki, həmin münasibət bir nümunə kimi vətəndaşlara sirayət edir. Vətəndaşlar da öz şəxsi və ictimai münasibətlərində hakimiyyətin nümayiş etdirdiyi münasibətə uyğun formalaşır. Hakimiyyət yalnız idarəçiliklə məşğul olmalı deyil, həm də cəmiyyəti maarifləndirməlidir. Təəssüf ki, bizdə bunun əksi baş verir.

- Yaxşı, onda müxalifətin vəzifəsi nədir? Bu prosesdə Sizin hər hansı bir məsuliyyətiniz yoxdurmu?

-Müxalifətin vəzifəsi xalqın müəyyən proseslərdəki iştirakını istiqamətləndirməkdir. Əgər həmrəylik yoxdursa, xalqı hər hansı istiqamətə yönləndirmək də çətin olur. Müxalifətin bir vəzifəsi var, siyasi aktiv kütləni təşkilatlandırmaq və hakimiyyət alternativini ortaya qoymaq. Həmrəylik, təşəbbüskarlıq, aktivlik və digər məsələlər ümummilli məsələlərdir. Ona görə müxalifəti ittiham eləmək olmaz. Azərbaycanda müxtəlif qruplar var, siyasi, ictimai, milli-mənəvi və digər müstəvilərdə bir araya gəliblər. Bunların hamısı öz fəaliyyətlərini düzgün qurublar, bir müxalifət qalıb? Hər şeyi müxalifətin üstünə atmaq lazım deyil. Əgər bu ölkədə milli həmrəyliyə qarşı iş aparılırsa, müxalifət təkbaşına nə edə bilər? 

-Amma müxalifətdaxili qarşıdurmada firqə maraqları, liderlərin ambisiyaları, bir-birini qəbul etməmə və sair kimi məsələlər də var. Sizi ki, buna məcbur edən yoxdur?

-Bu məsələdə problemə iki istiqamətdən yanaşmaq lazımdır. Birincisi, mən sizinlə razıyam ki, subyektiv amillər rol oynayır. Siyasi liderlər şəxsi ambisiyalarını ön plana çıxararaq, müxalif düşərgədə birliklərin yaranmasına, müxalif qüvvənin güclənməsinə imkan vermirlər.
İkinci bir səbəb də var ki, siyasi partiyalar fərqli ideologiyalar, fərqli hədəflər, fərqli proqramlar, düşüncələr əsasında formalaşır. O fərqliliklər də ziddiyyət təşkil elədiyi üçün həmin qüvvələr bir araya gələ bilmirlər. Bu gün demokratlarla əlində silah mübarizə aparmaq istəyən qüvvə bir araya gələ bilməz axı. Yaxud demokratla radikal islamçılar eyni cür düşünə bilməz. Bunlar obyektiv səbəblərdir. 

Amma mən sizinlə tamamilə razıyam ki, Azərbaycanda bəzi siyasi qüvvələr, bəzi siyasi liderlər kifayət qədər siyasiləşmədiyindən siyasəti məişət səviyyəsinə endiriblər. Filan lider mənə belə baxdı, filankəs bu sözü belə dedi, filankəs bu hərəkəti elədi və sair. Yəni, bu cür səviyyəsiz söhbətlər də olur. 
Üçüncü bir səbəb də var. Uzun illər Azərbaycanda aparılmış siyasət nəticə verməyib. Bu nəticəsizlik siyasilərdə nailiyyətsizlik sindromuna səbəb olub. Həmin sindromun birinci əlaməti öz yaxınlarına qarşı düşmən mövqeyinə keçməkdir. Məsələn, müxalifət iqtidardan çox müxalifətdə olan digər partiyaya qarşı hücuma keçir. Bu gün Müsavatın AXCP-yə, AXCP—nin Müsavata olan mənfi münasibəti ikisinin bir yerdə hakimiyyətə olan mənfi münasibəti qədər deyil. Çünki AXCP ilə Müsavat ağır nailiyyətsizlik sindromu yaşayır. Beləliklə də müxalifətçilər günahı iqtidarda yox, bir-birlərində axtarırlar. Bir-birlərinin komandasında xəyanətkar, casus ovuna başlayırlar. Siyasi platforması yumşaq olan, iqtidarla münasibətləri normallaşdıran, dialoqa getmək istəyən müxalifət qüvvəsini dərhal xain elan edirlər. Bununla da öz nailiyyətsizlik sindromlarını ört-basdır etməyə çalışırlar. 

-Bəs Siz nəyə görə bu sindromu yaşamırsız?

-Mən bir lider kimi çalışıram ki, siyasətdə bir nailiyyət əldə edə bilməsəm də, başqa sahədə nailiyyət əldə edim. Məsələn elmlə məşğul oluram, kitab yazıram, nəzəriyyə hazırlayıram. Özümün o qədər böyük nailiyyətlərim var ki, siyasətdə nailiyyət əldə etməməyim məni narahat eləmir. Elə adamlar var ki, onların yeganə fəaliyyəti hakimiyyətə gəlməkdir. Uzun müddət bu sahədə nailiyyətsizlik yaşadıqları üçün kompleksə düşürlər. Sonra da naliyyətsizlik sindromunun təsiri altında öz müttəfiqlərini ittiham etməy, öz partiyadaşlarını başqa qüvvələrdən izoliyasiya etməyə, özünü onlardan kənarlaşdırmağa və sair.

-Bu fikirlərinizi Əli Kərimli, İsa Qəmbərə aid edirsiz, yoxsa ümumi danışırsınız?

-Mən ümumi danışmıram. Amma bir şeyi deyim ki, bizdən fərqli olaraq. AXCP ilə Müsavat hakimiyyətdə olublar. Onlarda nailiyyətsizlik sindromu həm də hakimiyyəti saxlamamaqla bağlıdır. Yəni, onlarda həmin sindrom iki qat güclüdür. Həmin sindrom müəyyən mənada bizdə də var. Mən seçkilərdə iştirak eləmişəm, qələbəm tanınmayıb, hüquqlarım pozulub. Amma biz bunu kompensasiya eləmək üçün başqa vasitələr tapırıq. 
Son dövrlər müxalifət partiyaları zəifləyib. Amma bəzi partiyalar öz zəifliklərini ört-basdır eləmək üçün süni kampaniyalar düzəldirlər. Amma mən Qandinin prinsiplərini əsas tuturam.  O deyir ki, azlıqda qalmaq, həqiqətdən imtina etməyə səbəb ola bilməz. Mən düzgün yolu necə görürəmsə, hətta ətrafımda 5-6 adam qalsa belə, o yoldan çəkilməyəcəm. Amma elə liderlər var ki, azlıqda qalmaq, kiçilmək kompleksini yaşayırlar. Onlar kiçilməyin yaradacağı diskomfortdan qorxur, həqiqəti inkar edir. Bir çox partiyanın gücü liderin yalanı üzərində qurulur. Məsələn deyir ki, bizim arxamızda filan qüvvə var, onlar bizi dəstəkləyir, sabah hakimiyyətə gəlirik, sənə filan vəzifəni verəcəyəm. 

-Son illər liderlərin, daha dəqiq desək, İsa Qəmbər, Əli Kərimlinin çıxışlarında bu cür çağırışlar müşahidə edilmir axı?

-  Sizə elə gəlir. Amma həmin fikirlər partiya üzvləri arasında deyilir. Söhbət İsa Qəmbərdən getmir, çünki o artıq Müsavat Partiyasının rəhbəri deyil. O, bir qeyri-dövlət təşkilatı yaradıb, hazırda ona rəhbərlik edir. Ümumiyyətlə, siz müsavatçılarla cəbhəçiləri danışdırsanız, onlar deyəcəklər ki, Amerika bizi müdafiə edir, tezliklə hakimiyyətə gələcəyik.

-Ümumiyyətlə, müxalifətin Qərbin vasitəsiylə hakimiyyətə gəlməsi sabah o qüvvənin milli maraqlardan çıxış etməsinə mane olmayacaq ki? 

-Əvvəla onu deyim ki, bu qlobal siyasət çərçivəsində heç bir ölkədə hansısa partiya fərdi iş apara bilməz. Mütləq beynəlxalq dəstək lazımdır. Ona görə də bu dəstəyi almaq üçün siyasi qüvvələr məqsədəmüvafiq iş aparırlar. Hələlik Azərbaycan müxalifətinə belə bir ciddi dəstək toxdur. Ona görə ki, Azərbaycan müxalifətinin apardığı siyasət xarici qüvvələri ehtiyatlı mövqeyə keçməsinə səbəb olur. Çünki öz aralarında həmrəyliyə nail ola bilməyən, bir araya gəlməyən qüvvənin hakimiyyəti də kifayət qədər təhlükəli ola bilər. Bu səbəbdən də Qərb dairələri Azərbaycan müxalifətinə ciddi şəkildə dəstək vermək istəmir. 
İkinci bir səbəb də ondan ibarətdir ki, bu gün dünyada Azərbaycandan daha vacib nöqtələr var. Yaxın Şərq problemi var, digər bölgələrdə olduqca təhlükəli proseslər gedir. Dünya Azərbaycandan daha ciddi problemlərlə üz-üzə olduğuna görə Azərbaycan dünya üçün arxa plana keçir. Bu baxımdan, Azərbaycan müxalifətinə dəstək yoxdur.

Z.Məmmədli