Bakıda adam öldürməyə cəddə təqsirləndirilən Elman Sadıxov və Elçin İbrahimovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Unikal.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbrahimov 17 il və E.Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 14-də Maştağa qəsəbəsində təqsirləndirilən şəxslər Dövlət Yol Polisi əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.

E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib. Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.