Bakı Apellyasiya Məhkəməsində tanınmış həkim və arvadını öldürməkdə təqsirləndirilən İlqar Xancanov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Unikal.org-un məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ.Xancanovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xancanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.