İmtahanla “Nikoil Bank”a işə götürülən vətəndaş, 50 gündən sonra bilib ki, vakansiya ləğv edilib.

Lənkəran rayon sakini Elmar Məmmədov Unikal.org-a müraciət edərək iddia edib ki,  adıçəkilən bankda işləmək üçün müraciət edib və imtahana dəvət edilib. Bütün imtahanlardan keçən vətəndaş daha sonra bankın təyin etdiyi treninqlərə qatılıb. Nəticədə “Nikoil Bank” onu işə götürmək haqqında qərar verib. Hətta sözügedən bankdan ona “bütün sənədlərini gətir, 3 gün sonra işə başlayacaqsan” deyilib. Məmmədov da deyildiyi kimi bütün sənədlərini şirkətə təqdim edib.

Hətta o əvvəlki iş yerindən də ayrılıb. 3 gün deyilsə də, E.Məmmədov 2 aya yaxın gözləmək məcburiyyətində qalıb. Bank onu işə dəvət etmədiyi üçün o, bir neçə dəfə əlaqə saxlamağa çalışıb. Lakin  Elmar Məmmədova bölmə rəhbəri təyinatını gözlədiklərini deyiblər.

Sonradan məlum olub ki, həmin vakansiya ləğv edilib. Uzun müddət işindən ayrılıb işsiz qalan şəxsə “həmin vakansiya bağlanıb, biz səninlə işləyə bilməyəcəyik” deyilib.

Sonra bankın səlahiyyətli şəxsləri ilə görüşən Məmmədov onlara belə bir addım atmaqla insanlara problem yaratdıqları bildirib. Ancaq bank işə götürə bilməyəcəyini deyərək etinasızlığını davam etdirib.

Məmmədov bildirir ki, bankın bu qanunsuz əməli ilə bağlı məhkəməyə müraciət edəcək.