Suriyada uşaqlara qarşı məktəb dəhşəti
Suriyada uşaqlara qarşı məktəb dəhşəti
Bəşər Əsəd onları belə, üsyançılara qarşı qaldırır

Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında bir il yarım davam edən konfliktdən əziyyət çəkən əsas qruplardan biri uşaqlardır. Müharibə üzündən didərgin düşən insanların yarısı uşaqlardır. Müharibə məktəblilərin təhsilinə də öz təsirini göstərir.
Dəməşq məktəblərinin sinif otaqlarında şagirdlər hər bir normal məktəbdə olduğu kimi dərs keçir. Məktəbdən kənarda isə hər şey tamamilə başqa cürdür.
Paytaxtın o biri başından gələn partlayış sədası sinif otaqlarında eşidilir. Zeid İbn əl Xəttab adlı orta məktəbdə çalışan Maysa Masud adlı müəllimə deyir ki, müharibə yaxınlaşdıqca müəllimlər şəhərdə baş verənləri izah edirlər: “Baş verənlərin qəsd olduğunu öyrətmək istəyirik.”
Suriyanın xaricin təcavüzə məruz qalması haqda təsəvvür şagirdlərin çəkdikləri rəsmlərdə əks olunur. Məktəbin dəhlizlərində asılmış rəsmlər prezidenti təbliğ edir və onun düşmənlərini pisləyir. Uşaqlar hökumət qüvvələrinə inandıqlarını ifadə edir.
Dəməşqli şagird Yəminə deyir: “Mən heç nədən qorxmuram. Suriya ordusu bizi qoruyur. Allah onları qorusun və onların qələbəsinə yol açsın.”
Müəllimlərinin göstərişi ilə şagirdlər müxalifəti təhqir edirlər: “O itlər bizim ölkəmizi viran qoyub. Arzu edirik ki, köhnə günlər qayıtsın və hər şey əvvəlki kimi olsun”.
Amma köhnə günlər artıq keçmişdə qalıb. Dəməşqin mərkəzində olan bu məktəb ölkə boyu bağlanan 2000 məktəbdən yeganə fəaliyyət göstərənidir. Münaqişə bölgəsində yaşayan valideyinlər uşaqlarının nisbətən təhlükəsiz olan bu Zeid İbn əl Xəttab məktəbində təhsil almalarını təmin etməyə çalışır.
Arifə Nazer oğlunu bu məktəbə qoya bilib. Onun Zamalka rayonundakı məktəbi təxminən bir il əvvəl müharibə ucbatından bağlanıb. Arifə Nazer onun öz məktəbinə getməməsinə çox heyifsilənir.
Münaqişə və siyasətə baxmayaraq məktəb şagirdləri mümkün səviyyədə təhsillə təmin edilə bilir. Oxuma, yazma və riyazıyyat dərsləri. Burada hətta uşaqların hüququ barədə dərs də keçirilir. Müəllimə şagirdlərdən öz haqlarını sadalamalarını xahiş edir. Şagirdlərdən biri tibbi xidmət, digəri təhsil hüququ, bir başqası isə oynamaq hüququnu sadalayır.
Yüzlərlə usağın ölümünə, on minlərlə uşağın didərgin düşməsinə bais olan münaqişə zamanı bu hüquqlardan, sadəcə oynamaq hüququndan yararlanmaq nadir hala çevrilib.
Bu arada Böyük Britaniyanın "The Times" qəzeti İranın Suriya hökumətinə milyardlarla dollar xərclədiyi haqqında məlumat yayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, qəzet iddia edir ki, rəsmi Tehran Bəşər Əsəd rejimini dəstəkləmək üçün milyardlarla dollar xərcləyib və suriyalı zabitlərin maaşlarını da İran tərəfi ödəyir: “Tehran hakimiyyəti Əsəd rejiminə 10 milyard dollardan çox yardım göstərib. Ancaq İran Suriyada müxalifətlə heç bir nəticənin alınmamasından xeyli narahatdır”.
İranın “Fars” agentliyi isə şok bir iddia ilə çıxış edib. Yenə Türkiyə mətbuatının verdiyi məlumata görə, agentliyin iddiasında qeyd olunur ki, Suriya rəhbərliyi bir neçə gün öncə rəsmi Ankaraya xəbərdarlıq edib.
Suriya lideri Bəşər Əsəd Türkiyəyə ünvanlandığı xəbərdarlıqda qeyd edib ki, rəsmi Ankara Suriyanın daxili işlərinə qarışmasın: “Əgər bunu davam etdirsəniz, əlimizdəki raket və silahları PKK-ya verəcəyik”.
Kənan Rzaquliyev