Xəbər verdiyimiz kimi, bu gün Bakıdan Naxçıvana uçan təyyarə məcburən paytaxta qayıdıb. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, buna səbəb Naxçıvandakı kəskin hava şəraitidir.
Unikal.org-un məlumatına görə, məcburi geri qayıdan sərnişinlərdən birinin "Qafqazinfo"ya açıqlamasından məlum olub ki, bu gün Bakıdan Naxçıvana nəzərdə tutulan 1 yox, bütün reyslər (4) təxirə salınıb. Qeyd edilir ki, sözügedən reysin hər birində 100-150 sərnişin olub. Hazırda təxirə düşən uçuşlara görə, 600 nəfərə yaxın adam Heydər Əliyev adına aeroportda qalıb.
Sərnişinlərə bildirilib ki, təxirə salınan reyslərin nə vaxt bərpa ediləcəyi ilə bağlı qərar 23:20-dən sonra veriləcək.
Təxirə düşən ilk reysin saatından bəri (13:50) sərnişinlərin aeroportdan, uçuş zonasından kənara çıxmaqlarına icazə verilmir.