Bu gün əksər fəhlə ixtisasları üzrə kadr çatışmazlığı mövcuddur.
Unikal.org xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazirin sözlərinə görə, buna səbəb SSRİ-nin dağılması ilə əlaqədar ittifaqa üzv olan ölkələrin hamısında peşə təhsil sistemi də dağılıb: "Yəni, o peşələr öz populyarlığını itirdi. Zavod, fabrik, digər istehsal müəssisələri bağlandıqdan sonra bu peşəyə maraq itdi. Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsi olduqca sürətlə inkişaf edir, lakin bu sahədə müəyyən işləri həyata keçirmək üçün kifayət qədər fəhlə yoxdur. İş o yerə çatıb ki, kəndlərdə bir traktorçu tapanda sevinirik. Düzdür, kənd təsərrüfatı sahəsi mövsümidir, lakin tütünçülük, pambıqçılıq kimi sahələr var ki, orada az qala ilboyu işlər həyata keçirilir və ixtisaslı kadrlara tələbat var. Biz öz tərəfimizdən ölkənin bütün ərazisini əhatə edən Peşə-Tədris Mərkəzlərinin formalaşmasını təmin edirik. Artıq Bakıda, Göyçayda və Gəncədə regional Peşə-Tədris Mərkəzlərinin formalaşdırılması başa çatdırılıb".