Nəqliyyat nazirinin himayəsində olan icra başçıları bir-bir sıradan çıxır  
 
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün əvvəl Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev vəzifəsindən azad olunub.  
Onun boşalan postuna isə  Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə təyin edilib.Bu məlumatı ilk yayan unikal.org saytının məlumatına görə, təyinatlarda diqqətçəkən məqamlardan biri də odur ki, azad olunan icra başçısı Mübariz Ağayev Kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini təyin edilib. Mübariz Ağayev özü unikal.org-a açıqlamasında bu məlumatı təsdiqləyərək, ona etimad göstərdiyinə görə, Prezidentə təşükkürünü də bildirmişdi.Maraqlısı odur ki, vəzifəsindən azad edilən Mübariz Ağayevin kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini təyin olunması, adıçəkilən nazirlik tərəfindən təsdiqlənməyib. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumatın doğru olmadığını bildirib: "Kənd Təsərrüfatı Nazirliyində nazirə yeni müavin təyin olunması barədə rəsmi məlumat yoxdur". Qeyd edək ki, Prezident tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin əsasnaməsində nazirin iki müavin postu yaradıldığı əksini tapıb. Bunlardan birinə İlham Quliyev, digərinə isə Seyfəddin Talıbov rəhbərlik edir. Bu günədək də hər iki nazir müavini öz vəzifələrinin başındadır. Bütün bunlara rəğmən, maraqlıdır ki, sabiq icra başçısı Mübariz Ağayev vəzifədən azad edildiyi gün nazir müavini təyin edildiyini açıqlayıb. «Unikal»ın apardığı araşdırmaya görə, Prezidentin sərəncamı olmadan Mübariz Ağayevin nazir müavini təyin olunması ilə bağlı mətbuata açıqlama verməsi ona baha başa gəlib. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, hakimiyyətin yuxarı dairələrində bir qədər müsbət qarşılanmayan Mübariz Ağayevin bu səhvi onun karyerasına ciddi problem yaradıb: «Bilirsiniz ki, hakimiyyətdə mərkəzin nəzarətindən kənar hansısa addımın atılması xoş qarşılanmır. Mübariz Ağayevin arxası sayılan Ziya Məmmədovun da gözdən düşməsinə səbəb məhz bu cür davranışları olmuşdu. Görünən odur ki, indi də həmin aqibəti Mübariz Ağayevin özü yaşayır. Prezidentin sərəncamı elan olunmamış özünü nazir müavini kimi təqdim etmək hakim komandada ciddi səhv hesab edilib. Buna görə də onun nazir müavini göndərilməsi planı təxirə salınıb.Yəqin ki, Mübariz Ağayevin cəzası bununla da bitməyəcək. Hətta məndə olan məlumata görə, yeni başçı ilə bərabər Hesablama Palatasının nümayəndələri də Göyçaya gediblər. Belə ki, Mübariz Ağayevin rəhbərlik etdiyi dövrdə büdcə vəsaitlərinin necə xərclənməsi yoxlanacaq. Bu da onu deməyə əsas verir ki, Ziya Məmmədov daha bir kadrını qurban vermiş olacaq». Başqa bir mənbədən əldə etdiyimiz məlumata görə isə Mübariz Ağayevi uçuruma sürükləyən Ziya Məmmədovun özüdür. «Unikal»ı məlumatlandıran şəxs deyib ki, Ziya Məmmədov hər zaman kadrlarına qarşı etibarsız olub. Belə ki, özünə təhlükə yaranan kimi kadrlarını güdaza verərək yaxasını kənara çəkib: «Amma Ziya Məmmədovun komandasında ən zəif bənd Mübariz Ağayev olub. Çünki Mübariz Ağayevin nazirlə yaxın qohumluq əlaqələri yoxdur. Elə bu səbəbdən də Ziya Məmmədov qohumlarının biabırçı vəziyyətə saldığı rayonlara Mübariz Ağayevi göndərirdi. Qubada məlum olaylardan sonra Mübariz Ağayevi ora göndərərək yaranan problemlərin yoluna qoyulmasına nail oldu.Onun ardınca isə Ziya Məmmədovun xalasıoğlu Mənsur Məmmədov Göyçayı bərbad vəziyyətə saldı. Ondan sonra həmin rayona Mübariz Ağayevi gətirərək vəziyyətin normallaşmasına səy göstərdi. Bu dəfə isə onu kənd təsərrüfatı nazirinin müavini göndərəcəyini vəd etsə də, sözünün arxasında durmadı. Görünən odur ki, Ziya Məmmədov Mübariz Ağayevi o qədər əmin edib ki, o da Prezidentin sərəncamını gözləmədən nazir müavini təyin olunduğunu mətbuata açıqlayıb və bununla da kariyerasının üzərindən xətt çəkilməsinə rəvac verib».   Göründüyü kimi, Ziya Məmmədov hakim komandadakı etibarını itirdiyini bir daha göstərdi. Çünki bu, nəqliyyat nazirinin nəzarətində olan dairələri bir-bir itirdiyinin göstəricisidir.  Onu da qeyd edək ki, bu prosesin davamlı olacağı gözlənilir. Yəni, nazirin nəzarətindəki digər icra başçıları da qısa müddət ərzində yola salınacaq. Bu gedişlə, Z.Məmmədovun özünün də vəzifəsiz qalacağı qaçılmazdır.  
Elvin Rüstəmov