Hacıbala Abutalıbov 7 bağça müdirini niyə işdən çıxarıb?
Hacıbala Abutalıbov 7 bağça müdirini niyə işdən çıxarıb?

Bağçalar meriyanın tabeçiliyinə verildikdən sonra onlara yaxın düşmək mümkün deyil

Məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinə nəzarət Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə veriləndən indiyədək 7 bağça müdiri işdən çıxarılıb, 16 bağça müdirinə isə şiddətli töhmət verilib. Cəzalandırılan bağça müdirləri uşaqların ərzaq təminatında yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olublar.

Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan azyaşlıların yüksək keyfiyyətli ərzaq məhsulları ilə təminatı idarənin fəaliyyətində əsas prioritet kimi qəbul edilib. Bakı Şəhər İcra Hakimiyyətindən məlumatı təsdiqləyiblər və qeyd ediblər ki, bu cür tədbirlər davam etdiriləcək. Əgər kimsə yenidən bu cür nöqsanlara yol verərsə onlar haqqında müvafiq tədbir görüləcək. Gələn aydan isə Bakıda bağça müdirləri və tərbiyəçilərin ixtisasartırma kurslarına cəlb olunmasına başlanacaq.
Artıq bunun uçun muvafiq siyahılar tərtib olunub, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, eləcə də Azərbaycan Müəllimlər İnstitutu ilə danışıqlar aparılıb. İlkin olaraq Bakının məktəbəqədər təhsil müəssisələrində çalışan 300 pedaqoji işçi ixtisasartırma kurslarına cəlb olunub.
"Olaylar" informasiya agentliyinin əməkdaşı isə məsələ ilə əlaqədar bir neçə bağçaya baş çəkib. Amma təəssüf ki, məktəbəqədər təhsil müəssisələrinin heç birində çəkilişə imkan verməyiblər. "Eyni vəziyyətlə 157 saylı bağçada da qarşılaşdıq. Bizi görən kimi qapını üzümüzə bağladılar və müdirin işdə olmadığını söylədilər. 33 saylı bağçada da eyni aqibəti yaşadıq. Burada qapını ümumiyyətlə açan olmadı, sadəcə içəridən bildirdilər ki müdir işdə deyil. Yasamal rayonunda da bir neçə bağçaya baş çəkdik. Bu dəfə isə bir qədər fərqli aqibətlə qarşılaşdıq. Qapını üzümüzə müdirin özü açdı. Lakin müdir "əgər rəhbərlik icazə verərsə o zaman çəkilişə icazə verə bilərik" dedi" deyə agentliyin əməkdaşı yazıb.
Xatırladaq ki Məktəbəqədər Uşaq Müəssisələri və Uşaq Evləri İdarəsi əvvəllər Təhsil Nazirliyinin nəzdində olanda bağçalarda çəkiliş aparmaq və uşaqların vəziyyəti ilə maraqlanmaq biz media nümayəndələri üçün daha asan olurdu. Lakin İcra Hakimiyyətinin tabeliyinə keçəndən sonra bağçaların qapısına yaxınlaşmaq belə qeyri-mümkün hala çevrilib.
"Unikal"a daxil olan məlumata görə isə bəzi bağça müdirlərinin işdən çıxarılması heç də nöqsanlarla bağlı deyil. Bu barədə qəzetimizə danışan mənbə deyib ki, əgər nöqsanlarla bağlı işdənçıxarmalar həyata keçirilirdisə bu, gərək paytaxtdakı bağçaların 80-90 faizinə şamil ediləydi. "Çünki ərzaq təminatında qüsurlar və digər nöqsanlar kiçik istisnalarla əksər bağçalara aiddir. Elə isə onların müdirləri hansı əsasla işində saxlanılıb?" deyə ekspert əməkdaşımızla söhbətində sual edib. Onun fikrincə, işdənçıxarmaların gerçək səbəbi başqadır, belə ki, sadəcə, əksər bağça müdirləri paytaxtın icra başçısı Abutalıbova müxtəlif yüksəkçinli qohumları vasitəsilə "xod" tapması və rüşvət qarşılığında görəvlərində qalıblar, belə himayədarları və maddi imkanı olmayanlar, ya da olub bu yolla bağça müdirliyində qalmaqdan imtina edənlər görəvlərindən kənarlaşdırılıblar: "Bir sözlə, 7 bağça müdirinin işdən kənarlaşdırılmasının onların yol verdikləri nöqsanlarla heç bir ciddi əlaqəsi yoxdur. Məsələ, özlərini Abutalıbova tapşırtmamalarının və ya onu məlum mənada "görməmələrinin" başındadır".
Aliyə