Azərbaycan Dövlət Turizm Agentliyinin(DTA) nəzdində olan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) mehmanxana və restoran biznesi kafedrasının və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə “Divan express Baku” hotelində “Mehmanxana biznesində kadr, servis problemləri və onların həllində ATMU-nun rolu” mövzusunda elmi praktik seminar–diskussiya təşkil olunub.

Unikal.org xəbər verir ki, tədbirdə universitetin rektoru İlham Mədətov, prorektor İranə Əliyeva, dekanlar və kafedra müdirləri, AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov, “New Baku” otelinin top meneceri Ceyhun Aşirov, ”Sapphire Otel” şəbəkəsi, Ramada Plaza Gəncə, ”Kurorti.ru” və RHG şirkəti, “MADO”nun Nərimanov filialının rəhbər şəxsləri, o cümlədən mehmanxana təsərrüfatının səlahiyyətli nümayəndələri iştirak ediblər. 

Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev qonaqları salamladıqdan sonra çıxış edən ATMU-nun rektoru İlham Mədətov tədbirin gündəliyindəki mövzunun aktuallığını diqqətə çardırıb. İ.Mədətov tədris prosesinin səmərəli təşkilində kurrikulumların sənayenin tələbləri ilə uzlaşmasının əhəmiyyətindən danışıb. Mehmanxana və restoranlarda müştəri xidmətlərinin aşağı səviyyədə olmasını deyib. Rektor çıxışında 2018/2019-cu tədris ilində ATMU-da tələbələrin istehsalat, elmi tədqiqat, elmi pedaqoji təcrübənin yüksək təşkilinə xüsusi diqqət ayrıldığını, hazırlıqlı kadrlara üstünlük verildiyini və bu işdə ali təhsil müəssisəsində yeni yaradılan strukturun–“Karyera və kommunikasiya” mərkəzinin xüsusi əhəmiyyət daşıyacağına əminliyini vurğulayıb. 

Elmi praktik seminar–diskussiya geniş fikir mübadiləsi şəraitində maraqlı təkliflərlərin  irəli sürülməsi ilə başa çatıb.