Moskvada müsəlmanlarla polis arasında gərginlik artır
Moskvada müsəlmanlarla polis arasında gərginlik artır

Şermamat Suyarov deyir ki, bundan sonra Moskvada məscidə getməmişdən əvvəl əməlli-başlı götür-qoy edəcək. 52 yaşlı Suyarov qırğız mənşəli Rusiya vətəndaşıdır. O deyir ki, məscidə ibadət üçün gəlibmiş. Maşınında oturub gözləyirmiş. Birdən polis ona yaxınlaşıb maşından düşməyi tələb edib. Sonra isə onu bir avtobusa basıblar. Şermamat Suyarov deyir ki, həmin avtobus ibadətə gələn adamlarla dolu imiş.

Polis şöbəsindəki pis rəftara etiraz edəndə isə, onu qəddarcasına döyüblər. Shermamat Suyarov xəstəxanalıq olub.
Moskvadakı Karneqi Mərkəzinin islam məsələləri üzrə mütəxəssisi Aleksey Malaşenko deyir ki, gərginliyin səbəblərindən biri Moskvada artan müsəlman əhalisi üçün kifayət qədər məscidin olmamasıdır: "Bu, böyük bir problemdir. Moskvada haradasa 1.5 milyon müsəlman yaşayır. Bu isə o deməkdir ki, Moskva Avropada müsəlmanların ən çox yaşadığı şəhərdir. Bununla belə, bu şəhərdə cəmi 5 məscid var".
Bəziləri isə deyir ki, Moskvada yaşayan müsəlmanların sayı 2 milyona çatıb. Londonda 600 min - 1 milyon müsəlman var. Londonda məscidlərin sayı isə qat-qat çoxdur. Orta Asiya və Qafqazdan gəlmiş müsəlman miqrantlardan narazı olması məsələni bir az da qəlizləşdirir.
Məscid məsələsini həll etmək üçün bu yaxınlarda Rusiyanın Müftilər Şurası şəhər rəhbərliyinə müraciət edib. Yeni məscidlərin tikilməsi üçün icazə istəyib. Lakin bu problemə çevrilib. Sentyabrın 19-da Moskva ətrafında məscid tikintisi üçün icazə verilmiş yerə 1500-ə yaxın adam yığışıb. Onlar məscidin tikintisinə etiraz ediblər. Aksiyaçılara millətçilər rəhbərlik edib. Bundan ehtiyat edən şəhər rəhbərliyi yeni məscidin tikintisi ilə bağlı icazəni geri götürüb.
Moskvada ən böyük məscid "Olimpiya" stadionunun yaxınlığında yerləşirdi. Bu məscid 1904-cü ildə tikilmişdi. 2011-ci il sentyabrın 11-də həmin məscid söküldü. Səbəb kimi onun qəzalı vəziyyətdə olduğu göstərilmişdi. İndi həmin məscidin əvəzində yenisi tikilməyə başlayıb. Ancaq buranı ən böyük məscid saydıqlarından müsəlmanlar tikinti yerində ibadət edirlər.