MTN bir neçə cinayətkar dəstəni zərərsizləşdirdi
MTN bir neçə cinayətkar dəstəni zərərsizləşdirdi
Narkotik maddə alveri ilə məşğul olan Azərbaycan və Rusiya vətəndaşları saxlanılıb

Milli Təhlükəsizlik Nazirliyi son günlər narkotik maddə qaçaqmalçılığına qarşı keçirilmiş əməliyyatlarla bağlı məlumat yayıb. MTN İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Federal Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan Rusiya vətəndaşları - Babayev Əliheydər Mirzəhüseyn oğlu və Cəfərov Yavər Qəzənfər oğlu Tümen şəhərində saxlanıb, sonuncunun idarə etdiyi avtomobildən 25 kiloqram 500 qram həşiş aşkarlanaraq götürülüb. Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Əliyev Seyran Cəbrayıl oğlu, Əliyev Eldar Söhbət oğlu, Ağayev Ağa Rafiq oğlu, Məmmədova Humay Qəribəli qızı və Əsədova Göyçək Şirəli qızı saxlanılıb. Müəyyən edilib ki, Seyran Əliyev, Eldar Əliyev, Ağa Ağayev, Humay Məmmədova və Göyçək Əsədova, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Şəhram və Behbud adlı vətəndaşları qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İran istiqamətindən Azərbaycanın Astara rayonunun İstisu kəndinin ərazisinə gətiriblər.