Bir müddət öncə maddi problemlər üzündən fəaliyyətini dayandıran “Yasamal” MFK-nın rəhbəri Orxan Allahverdiyev Unikal.org-a danışıb: 

- Klubun bağlanılamasında əsil səbəb nədir? 

- Ötən ilin sentyabr ayından dekabra qədər bizim kluba  xeyli pul xərclənib. Dekabrdan sonra pul ayrılması dayandırıldı. 

- Klubun rəhbəri iranlı iş adamı idi?

- Yox, bizim klubda iranlıların oyanamasına baxmayaraq, maliyyələşdirən ərəb iş adamı idi. Sonra da müəyyən qədər özüm maliyyləşdirdim.  Hər şey açıb deyə bilməyəcəm. Sonradan elə oldu ki həmin ərəb bizə pul vermədi. Müəyyən səbəblərə görə dayandırdı. Mən də dekabr, yanvar və fevral ayını öz cibimdən xərclədim. Artıq mart ayından gördüm mənə sərf eləmir və qalan 4 oyuna çox xərc çıxacaq. Daha sonra mən də  dayandırmaq fikrinə düşdüm. 
Əslində baykot yox, pulum çatmadığı üçün oynamadım. Mənim komandamdakı oyunçuların hamısı yaxşı klublara transfer oldular. 
Yəqin ki, məlumatınız var, Azərbaycanda heç bir futzal klubunda rəsmi müqavilə yoxdur, transfer ödənişi olunmur. 

- Bəs legionerlər hara getdi?

- Legionerlərin hamısı klublara transfer olunub. Sadəcə, yerdə qalan oyunçuları idarə etmək çətin idi. Bizim klubu maliyyələşdirən şəxs pulu kəsdi, biz də transferlərdən pul qazana bilmədik.  O demişdi ki, bir də gələn mövsüm, sentyabr ayında maliyyə ayıracaq. 

- Klub tamamı ilə bağlandı?

- Xeyr, klubun böyük futbol komandası var,  klubun ikinci B komandası 1-ci Liqada çıxış edir. Amma  Yasamal” MFK hazırda fəaliyyət göstərmir. 

- Həm futbola, həm futzala, həm də digər komandaya ərəb iş adamı sponsorluq edib?

- O mənim yaxın dostumdur. Elə də böyük biznesləri olan şəxs deyil. Normal iş adamıdır.  Onun da dediyi kimi, ola bilsin ki, gələn ildən sponsorluq etdi və biz yenidən fəaliyyətə başaldıq. Rusiyadan və Ərəbistandan oyunçular transfer etmək istəyir. 
Yüksək liqada çıxış edən komandamızdan başqa bütün komandalarımız olduğu kimi qalıb. Yüksək Liqada çıxış edən heyəti saxlamaq çətindir. Çünki orada çıxış edənlər güclü komandalardır, zəif heyətlə orada çıxış etmək asan olmayacaq. Güclü heyətlə də çıxış etmək istəyirsənsə gərək pul ayırasan. 

- Klubun problemi ilə bağlı futzal federasiyasına,  rəhbər Zaur Axundova məlumat vermisiniz?

- Bəli, mən federasiyaya dekabr ayından məlumat verdim ki, bizim futbolçuları istəyirlər.  Bunun üçün də bizə transfer pulu ödəməyəcəklər. Bu gün futzalda hərə öz oyunçusunu güclə yola verir.  Futzalda sponsorluq da cox zəifdir.

Federasiya da bildirdi ki,  biz klublara maddi baxımdan kömək olmuruq. Əslində federasiya ilə bağlı narahatlığım da yoxdur.  Mən onsuz da federasiyadan nəsə güdmürəm.  Mənə federasiyadan bildirildi ki, digər zəif komandalar kimi, 4-5 oyunçu ilə iştirak edin və siz də böyük hesablarla uduzun. 
Mən də dedim ki, bu bizim adımıza yaraşmaz. Bizim oyunçularımız yüksək liqadakı klublara transfer olur, adımız yüksəklərdə gedir.  Həmişə mübarizə aparan komanda olmuşuq.  Ona görə də oynamamağımız məsləhətdir dedim və oyunlara çıxmaqdan imtina etdik.  Son sözüm də bu oldu.
Düzdür, federasiyadan mənə dedilər ki, ard-arda oyunlara çıxmadığınıza görə sizin klubu 3 illik yüksək liqadan uzaqlaşdıracağıq. Mən də bildirdim ki, necə məsləhətdir elə də edin. Hələ ki, bu cəza verilməyib. Verilsə, yəqin ki, klubun adını dəyişib, başqa bir adla fəaliyyət göstərəcəyik. Cəza klubun adına verilir, heyətdəkilərə yox.  

Aygün İlqarqızı