Telman İsmayılovun pulu başına bəla oldu
Telman İsmayılovun pulu başına bəla oldu

Ünlü milyarder pis vəziyyətə düşdü, verdiyi bəxşiş restoranda dava saldı

Türkiyədə yaşayan Azərbaycan əsilli milyarder Telman İsmayılovun başı dərddədir. Qardaş ölkənin “Milliyet” qəzetinin verdiyi məlumata görə, iki ay əvvəl Telman İsmayılov Antalyada sahibi olduğu “Mardan Place” otelində qalan qonaqlarını Aksudakı bir restorana aparıb.

Qonaqları ilə birlikdə restoranda yeyib-içən Telman İsmayılov restorandan çıxan zaman bir ofisianta 10 min dollar bəxşiş verib. Bu qədər bəxşişi görən ofisiant gözlərinə inanmayıb, pulun az bir qismini bəxşiş qutusuna atıb, çoxunu isə cibinə qoyub.
Digər ofisiantlar bundan şübhələnib və Telman İsmayılovun ona nə qədər pul verdiyini soruşublar. Aldıqları cavabla qane olmayan ofisiantlar yoldaşlarının üzərini aramaq istəyiblər. Bu isə dava-dalaşa yol açıb.
Dava-dalaş nəticəsində restorana da ziyan dəyib. Restoran sahibi də ofisiantları məhkəməyə verib və dəyən ziyanın ofisiantlar tərəfindən ödənilməsini tələb edib. Restoran sahibi Telman İsmayılovun da şahid qismində dindirilməsini istəyib və məhkəmə də bunu məqbul sayıb. Bu xəbərdən şoka düşən Telman İsmayılov yaxın günlərdə məhkəmə qarşısına çıxaraq ofisianta 10 min dollar verib-vermədiyinə aydınlıq gətirəcək.
Əlbəttə, insanın çoxlu pulunun olması həmişə qulaqdincliyi gətrmir, bəzən belə xoşagəlməz situasiyalara da yol açır. Amma biz bir də Telman İsmayılovun 10 min dollarlıq bəxşiş verməsinə başqa aspektdən yanaşmaq istərdik.
“AST Telman” kimi tanınan bu ünlü iş adamı haqqında həmişə “əslən azərbaycanlı olan” ifadəsindən istifadə edilir. Elə İsmayılovun özü də əslən azərbaycanlı olmasını inkar eləmir.
İndi soruşuruq: hansısa restoranda bir ofisianta 10 min dollarlıq bəxşiş verən “əslən azərbaycanlı” bir milyarder öz ölkəsində yüzminlərlə qaçqın və məcburi köçkün ailəsinə əl tutubmu indiyədək? Bu qədər bəxşişlə Azərbaycanda neçə yetim sevindirmək olardı. Bəs “əslən azərbaycanlı” olan bir iş adamı bunun əvəzində o qədər pulu hansısa restoranda hansısa ofisianta qıyırsa, niyə mənsub olduğu xalqın yoxsul, bir tikə çörəyə möhtac olan övladlarına qıymır?
Deməli, məsələ əslən azərbaycanlı olmaqda deyil. Gərək qəlbən də, ruhən də azərbaycanlı olasan!
Azər Aslan