Son dövrlər müxalifət düşərgəsində qarşıdurma meylləri artıb. Yeni yaradılan Azərbaycan Xalq Hərəkatında da narazılıqlar baş qaldırıb. Müxalif düşərgədə baş verənlərla bağlı Unikal.org-a müsahibə verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu maraqlı məqamlara toxunub. 

-Sərdar bəy, Azərbaycan Xalq Hərəkatında nə baş verir, deyəsən, müxalifətin yeni yaranan birliyində də qarşıdurma meylləri artıb? Nemət Pənahlı niyə hərəkatdan çıxarıldı?

-Xeyr. Bunu qarşıdurma meyli kimi dəyərləndirmək lazım deyil. Məşhur bir deyim var ki, sel gələndə əvvəlcə çör-çöp gətirər. Siyasətdə də belədir. Hər hansı proses başlayanda prosesin ruhuna uyğun olmayan adamlar da ona qoşulurlar. Hətta belə adamlar prosesə hamıdan qabaq qoşulurlar. Çünki onların missiyaları var. Həmin missiyanı xalq hərəkatında da icra eləmişdilər, indi də bu yolu davam etdirmək istəyirlər. Bu cür adamlar təmizlənməlidir. Ona görə bunu normal qarşılamaq lazımdır. Didişmə, çəkişmə kimi qələmə verməyə ehtiyac yoxdur. 
Nemət Pənahlının özünə məxsus yolu var. Vaxtilə xalq hərəkatında idi, sonra Elçibəyin yıxılmasında iştirak elədi. Bir müddət sonra Heydər Əliyevə qarşı çıxıb bu biri cinaha keçdi. Mövqeyini bu cür tez-tez dəyişən adam Xalq Hərəkatında qala bilməzdi. 

-O fikirlər də səslənir ki, Nemət Pənahlı Əli Kərimli ilə sövdələşməyə getdiyi üçün hərəkatdan uzaqlaşdırılıb. Belə bir məsələ varmı?

-Burada mənim üçün heç bir təəccüblü bir şey yoxdur. Sabah Əli Kərimli, Nemət Pənahlı birləşib Etibar Məmmədovu dəstəkləyə bilərlər. Şəxsən məndə buna şübhə yoxdur. Azərbaycanda hər kəs kimin kim olduğunu yaxşı bilir. Nemət Pənahlının da Əli Kərimli ilə hansısa sövdələşməyə getməsi, danışıqlar aparması təsadüfi deyil. Bir məqamı da xatırladım. Əli Kərimli prezident seçkilərində zaman-zaman xalq hərəkatında, eləcə də Elçibəy hakimiyyətində bir yerdə olduğu İsa Qəmbəri yox, Etibar Məmmədovu dəstəkləyib. Bunun səbəbi barədə düşünəndə bu gün Nemət Pənahlının Əli Kərimli ilə yaxınlaşmasının səbəbi aydınlaşar.

-Bəlkə bir qədər açıq danışasınız. Əli Kərimli niyə belə bir mövqe tutur?

-Səbəb odur ki, Azərbaycanda müxalifətdir, ancaq hamı istiqlalçı deyil. Bu gün elə bir siyasət aparmaq lazımdır ki, müstəqilliyimizə xətər yetirməsin. Amma bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdırlar. Əslinə qalsa, heç o demokratiya da deyil. Bir müddət öncə Xəzərin Statusu ilə bağlı bağlanan müqavilə dövlət müstəqilliyimizi təhdid elədi. Özünü radikal, ana müxalifət, ölkənin yeganə xilaskarı hesab edən partiya bu məsələyə mövqeyi necə oldu? Yaxud da Azərbaycanda rus məktəbləri şəbəkəsinin genişləndirilməsi məsələsinə hansı reaksiya verildi? Bəzi qüvvələr istiqlalçılıqdan uzaqdır, bəzi qüvvələr qlobal siyasətin gərəyini nəzərə almırlar. Ona görə də müxtəlif güc mərkəzləri yaranıb. Bu güc mərkəzlərinin bir çoxu müxalifətçilik eləsə də, müstəqilliyimizə real təhlükə yaradırlar, ya da buna vasitəçi olurlar, yaxşı halda isə buna göz yumurlar. Müxalifətin daxilində də Azərbaycanın müstəqilliyinin məhdudlaşdırılmasına gətirib çıxaran addımlar atanlar var. Bu səbəbdən də kimin müxalifətdə, kimin iqtidarda olmasına yox, kimin dövlət müstəqilliyini müdafiə etməsinə önəm vermək lazımdır. Müxalifətdə elə qüvvələr var ki, iqtidardan qat-qat təhlükəlidir. 

-Milli Şura və Əli Kərimlini nəzərdə tutursuz?

-Mən ad çəkmirəm. Söhbət aparılan siyasətin mahiyyətindən gedir. Düşmən adam yoxdur, düşmən ideya var. O ideyalara qarşı vuruşmaq lazımdır. 

-Axı, bu gün o ideyaları icra edən şəxslər var...

-Bu gün bu adamlar icra edirsə, sabah başqası icra edə bilər. Şəxslərin nə önəmi var ki? Biz həmin zərərli ideyanı məhv eləməliyik. Mübarizəni şəxslər üzərində qurmaq yanlışdır. Hakimiyyətdə “X” şəxs ola bilər. Sabah o gedər, amma vəziyyət daha da pis olar. Müxalifətdə də bu gün missiyanı mən yerinə yetirərəm, sabah başqası. Yəni, şəxslərin dəyişməsinin əhəmiyyəti yoxdur. 
Sənin müstəqilliyin təhdid altındadır, amma sən durub ancaq “bu hakimiyyət getsin” deyirsənsə, deməli, sən ancaq şəxsi maraqlarını güdürsən. İndi bəzi müxalifət qüvvələri də yalnız bu barədə düşünür, ən ciddi məsələ olan dövlət müstəqilliyini ikinci dərəcəyə qoyur. Mən də bunun əleyhinə çıxıram. 

Z.Məmmədli