Xəbər verdiyimiz kimi, Rusiya XİN növbəti anti-Azərbaycan bəyanatı ilə çıxış edərək, ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi məsləhət görüb. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının etnik əlamətinə görə ayrı-seçkiliyə məruz qalmalarının yolverilməzliyi haqqında Rusiyanın Azərbaycan tərəfinə dəfələrlə etdiyi müraciətlər cavabsız qalır.

Bu və ya digər məsələlərlə bağlı YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Unikal.org-a müsahibə verib. 

-Aydın müəllim,  Rusiya XİN-in növbəti anti-Azərbaycan bəyanatına olan mövqeyinizi bilmək istərdik...

-Əlbəttə, bu bəyanat Rusiya tərəfdən xoşagəlməz bir addımdır. Bizim Rusiya ilə dostluq münasibətlərimiz var. Belə bir çağırışın edilməsi heç də xoş məram kimi qəbul edilə bilməz. Şübhəsiz ki, Azərbaycanın Rusiyada nüfuzu kifayət qədər yüksəkdir. Ona görə də, çağırışdan asılı olmayaraq, bundan sonra da Azərbaycana gəlmək istəyən Rusiya vətəndaşlarının sayı kifayət qədər çox olacaq. 

- Ölkəmizdə bəzi müxalifətçilər deyir ki, bu bəyanat Rusiyanın Azərbaycanla  münasibətlərinin əvvəlki illərlə müqayisədə zəifləməsi ilə əlaqədardır. Bu fikirləri qəbul edirsinizmi?

-Yox. Azərbaycanın Rusiya ilə münasibətləri normaldır. Bizim dövlət səviyyəsində münasibətlərimiz var. Həmçinin ictimai-siyasi münasibətlərimiz də kifayət qədər yüksəkdir. Rusiya çox fikirlərin yer aldığı, çox xalqların yaşadığı bir ölkədir. Ona görə də, bu ölkədə müəyyən bir hissənin Azərbaycana qarşı soyuq münasibəti heç də ümumilikdə Rusiya dövlətinin və ya Rusiya cəmiyyətinin münasibəti sayıla bilməz. 

- Yeri gəlmişkən, dünən baş nazir Nikol Paşinyanın Ermənistanın təhlükəsizlik Şurasının iclasını Xankəndində qondarma “DQR” rəhbərliyinin iştirakı ilə keçirilməsinə münasibətinizi bilmək istərdik...

- Bu, Ermənistanın növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyidir. Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyində heç bir dəyişikliyin olmadığını göstərir. Belə bir təəssürat yaranır ki, Ermənistanda hakimiyyət dəyişməyib. Bu ölkədə yeni rəhbər köhnə rəhbərlərin siyasətini davam etdirir. Paşinyan hakimiyyətə sosial proses dalğasında gəldi. Cəmiyyət Ermənistandakı vəziyyətin dəyişilməsini tələb edir. Bunu dəyişmək üçün mütləq Dağlıq Qarabağ problemi həll edilməlidir. Koçaryanın, Sarkisyanın Dağlıq Qarabağ siyasətini yeritməklə heç bir halda Ermənistanda sosial dəyişiklik mümkün deyil. Paşinyan isə bunu dərk etmir. Onun acısını isə  Ermənistan cəmiyyəti ilk növbədə Paşinyandan çıxacaq. 

-Paşinyanın bu cür hərəkətləri davamlı olarsa, Azərbaycan hansı addımları ata bilər?

-Azərbaycanda bu cür hallara qarşı hər zaman tədbirlər görülüb. Nəticələr də vaxtaşırı olaraq hiss edilir. 

-Yenidən Aprel döyüşləri təkrarlana bilərmi?

-Mən, ümumən cavab verdim. Azərbaycanın hər zaman Ermənistanın bu qeyri-səmimi hərəkətlərinə qarşı hazırlığı və görəcəyi işlər var.

-Aydın müəllim, dünən Paşinyan Ermənistanın təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirdi. Eyni vaxtda Rusiya Azərbaycana qarşı bəyanatla çıxış etdi. Ola bilərmi ki, bu əlaqəli bir addım olsun?

-Bunu demək çox çətindir. Amma, hər halda Ermənistan rəhbərlərindən hər zaman Azərbaycana qarşı provokasiya gözləmək olar. Rusiyanın son bəyanatı ilə bağlı, diplomatik kanallarla məsləhətləşmələr aparılacaq.

Amid Əyyuboğlu