İyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.
 
Dövlət başçısı görüşdə çıxış edib.
 
-Hörmətli səfirlər, mən sizin hamınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə ürəkdən təbrik edirəm. Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir. 

Mən şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Bu, bizim dostluğumuzu, həmrəyliyimizi göstərir. Xahiş edirəm ki, Ramazan ayının başlaması münasibətilə mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq edirik. Əminəm ki, bu əməkdaşlıq gələcək illərdə daha da dərinləşəcək. Müsəlman ölkələri ilə əməkdaşlıq bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Respublika Gününə həsr edilmiş rəsmi qəbulda xarici siyasət prioritetləri haqqında danışarkən mən bu məqamı xüsusi qeyd etmişdim. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik və daim bir-birimizi dəstəkləyirik. Biz həmişə BMT-də Azərbaycan ilə bağlı məsələlər müzakirə olunarkən müsəlman ölkələrinin dəstəyini hiss edirik və öz növbəmizdə həmişə BMT-də müsəlman ölkələrini dəstəkləyirik. Aprel ayında İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə də biz bir daha bu həmrəyliyi nümayiş etdirmişik. Bildiyiniz kimi, Zirvə Görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənəd qəbul edilmişdir, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatı pislənilmişdir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılmışdır. Biz bu addımları çox yüksək qiymətləndiririk və bütün bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk.
 
Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək deyib: "Zati-aliləri cənab Prezident. Bizi qəbul etdiyinizə görə Sizə çox təşəkkür edirik. Biz - müsəlman ölkələrinin səfirləri və müvəqqəti işlər vəkilləri Sizə müqəddəs Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularımızı bildirmək istərdik. Allah Sizi, ailənizi və qardaş Azərbaycan xalqını qorusun! Biz, həmçinin fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını müstəqilliyinizin bərpa olunmasının qarşıdan gələn 25-ci ildönümü münasibətilə təbrik edirik.

Onu da demək lazımdır ki, biz uzun müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə böyük inkişafını məmnuniyyətlə izləmişik və hazırkı qlobal iqtisadi vəziyyətə baxmayaraq, ölkənizin iqtisadiyyatı artmaqda davam edir. Azərbaycan iqtisadiyyatına olan etimad hər zaman eyni səviyyədədir və hətta artmaqdadır. Sizin müdrik rəhbərliyiniz ilə hökumət vəziyyətə daha yaxşı nəzarət etmək üçün işləyir. Bir çox sahələrdə layihələrin həyata keçirilməsi uğurla davam edir. İnfrastruktur inkişaf edir və bütün layihələrin icrası bir neçə il ərzində başa çatacaq.

Zati-aliləri, təxminən bir həftədən sonra Bakı "Formula-1" Qran-prisinin şahidi olacağıq. Gələn il Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. 2012-ci ildə Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi və 2015-ci ildə birinci Avropa Oyunları təşkil olundu. Bu, çox böyük nailiyyətdir. Bütün bunlar Azərbaycanın zəngin mədəniyyətinə və sivilizasiyasına sadiqliyi nümayiş etdirməklə bərabər, ölkənin müasirləşdirilməsi ilə bağlı möhtəşəm plan kimi qəbul olunur. Azərbaycan balanslaşdırılmış diplomatik davranışı formalaşdıran müdrik xarici siyasət sayəsində inkişaf edir. Bu, mehriban qonşuluq və münaqişələrin sülh yolu ilə həlli prinsiplərində öz əksini tapıb. Bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatının üzvləri olaraq bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunması ilə həllinin tərəfdarıdır.

Zati-aliləri, icazə verin, bir daha Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına inkişaf və firavanlıq arzulayım. Zati-aliləri, təşəkkür edirəm".

Sonda xatirə şəkli çəkdirildi.