Azərbaycanda hava limanının ərazisində narkotik vasitə əkib-becərən şəxs tutulub.
Unikal.org anspress-ə istinadən bildirir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarına rayonun Digah kənd sakini, 1982-ci il təvəllüdlü Anar Xubəli oğlu Məmmədovun hava limanına məxsus ərazidə narkotik vasitə hesab olunan çətənə kolları becərməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat keçirən polis əməkdaşları əraziyə baxış keçirən zaman 34 yaşlı kənd sakininin 274 ədəd çətənə kolunu əkib-becərdiyinin şahidi olublar.

Əraziyə baxış zamanı Anar Məmmədovdan, həmçinin 1 kiloqram qurudulmuş marixuana və 16 kalibrli ov tüfəngi də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs istintaqa ilkin ifadəsində narkotik vasitə aludəçisi olduğunu qeyd edib.

Faktla bağlı rayonun polis şöbəsində araşdırma aparılır. İstintaq zamanı A.Məmmədovun Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə axtarışda olduğu üzə çıxıb.