25 Avqust 2019
Tale Heydərovun 500 minlik layihəsi yenidən təxirə salındı – Baza niyə gizli saxlanılır?
Tale Heydərovun 500 minlik layihəsi yenidən təxirə salındı– Baza niyə gizli saxlanılır? MÜSAHİBƏ 10:34 2019-02-19

2016-cı ildə Brazilya futbolunun əfsanələrindən Ronaldinyonun Bakıya gəlişindən sonra paytaxda “Ronaldinyo Futbol Akademiyası”nın açılacağı bildirilirdi. Bu Tale Heydərovun rəhbəri olduğu "Qəbələ” İdman Klubunun növbəti layihəsi idi.

Maraqlıdır ki, hər il açılacağı deyilən akademiyadan heç bir xəbər yoxdur. “Qəbələ” İK-nın meneceri Nail Kərimov Unikal.org-a müsahibəsində hər il təxirə salınan layihə ilə bağlı danışıb.

- Nail bəy, “Ronaldinyo Futbol Akademiyası”nın açılışı sonuncu dəfə 2018-ci ilin aprel ayına qədər təxirə salınmışdı. Ancaq üstündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ ki, heç bir xəbər yoxdur. Bu layihəni gerçəkləşdirməkdən imtina edilib? 

- Bu akademiyanın açılışı 2019-cu ilə qədər təxirə salındı. Hazırda üzərində işlər gedir. 

- Yenidən növbəti ilə qədər təxirə salınmasının səbəbi nədir?

 - Təxirə salınmasında əsas səbəb planlaşdırma idi. Belə ki, həm qarşı tərəf bağlanmış müqaviləyə əsasən bura məşqçilər göndərəcək, həm də biz baza işlərini yekunlaşdırmağa çalışırdıq. Bir versiyamız var idi ki, icarəyə yer götürək, orada başlayaq. Amma sonradan hər iki tərəfin yekdil qərarı belə oldu ki, gözləyək öz bazamız hazır olsun. Akademiya Bakıda fəaliyyət göstərəcək.

 - Baza harada yerləşəcək? Niyə bu barədə məlumat verilmir?

- Bazamızın konkret harada yerləşəcəyi ilə bağlı tezliklə mətbuata açıqlama veriləcək. Hazırda bu barədə bizim özümüzdə məlumat var, amma açıqlamırıq. 

- Mətbuatda belə bir məlumat yayıldı ki, bu layihə üçün “Qəbələ” rəhbərliyi 500 min dollar ödəyib. Bu nə dərəcədə doğrudur? 

- Bu xəbərin getməsi barədə məlumatım yoxdur. Amma onu deyim ki, müqavilənin şərtlərinə əsasən ödənilən məbləği heç bir tərəf açıqlaya bilməz. Bu məbləğin çox, ya az olub-olmadığını demək bizə bir şey vermir. Təəssüf ki, açıqlaya bilmirik, şərtlər gizli qalmalıdır. 

- Hər il təxirə salınmanın əsas səbəbinin maliyyə problemi üzündən olduğu da deyilir...
 - Mən elə deməzdim... Əgər maliyyə problemi üzündən olsa idi, planlaşdırılma aparıla bilməzdi, məsələ yekunlaşardı. Təbii ki, bizim bu layihəmiz sosial ləyihə deyil. Kommersiya xarakteri daşıyır. Ona görə də biz bu hesablamaları düzgün aparmalıyıq. Bu öz hesabına, yəni təsərrüfat hesabına işləyəcək. Gələcəkdə qoyulan xərclər, işçilərin məvacibi, kommunal xərclər ödənilə bilsin. 

- Maliyyə problemləri üzündən “Qəbələ”nin əsas komandasının maaşlarının gecikdiyi deyilir. Belə olan halda yeni akademiyanın yaradılması “Qəbələ” rəhbərliyi üçün növbəti problem olmayacaq?

 - İlk olaraq onu deyim ki, klubda maliyyə probleminin olub-olmadığını bilirəm, amma bu məsələ barədə nə isə demək səlahiyyətim çərçivəsində deyil. Məsələnin digər tərəfinə qaldıqda, əvvəldə də dediyim kimi bu kommersiya məqsədli layihədir. Bu layihəyə “Qəbələ” klubu tərəfindən heç bir yatırım olmayacaq.  Amma bu yeni layihə də Tale Heydərova aiddir. 

- Düşünürük ki, bu akademiya özü öz xərclərini bağlayacaq. Düzdür, ona aiddir. Akademiya ödənişli olacaq?

 - Həm ödənişli, həm də ödənişsiz olacaq. O da kimin üçün ödənişsiz olub-olmaması uşaqlar sınaqdan keçəndən sonra məlum olacaq. 

Aygün İlqarqızı
 


  • Tale Heydərovun 500 minlik layihəsi yenidən təxirə salındı– Baza niyə gizli saxlanılır?