Amerika Birləşmiş Ştatlarının Fiziki Antropologiya Assosiyasasına məxsus məşhur "American Journal of Physical Anthropology" yüksək impakt faktorlu nüfuzlu elmi jurnalında "Stabil izotop analizlərin köməyi ilə Cənubi Qafqazda (e.ə. VI-I minilliklər, Azərbaycan) neolit və tunc dövrü insanlarının qida rasionu barədə nəticələr: ətraf mühitə uyğunlaşmaya və icmanın sosial formalaşması proseslərinə təsiri" (Dietary inferences through stable isotope analysis at the Neolithic and Bronze Age in the southern Caucasus (sixth to first millenium BC, Azerbaijan): From environmental adaptation to social impacts) sərlövhəli məqalə dərc edilib.

Unikal.org milli.az-a istinadən bildirir ki, Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, məqalə Tovuzda, neolit və tunc dövrlərinə aid arxeoloji abidələrində aparılmış multidissiplinar tədqiqatların bir sahəsinin nəticələrinə həsr olunub.

Məqalənin müəlliflərindən biri olan, Tovuz bölgəsinin neolit dövrünə aid (Orta Kür hövzəsi abidələri) arxeoloji komplekslərində son illərdə aparılmış arxeoloji tədqiqatların rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin sözlərinə görə, ilk dəfə olaraq Azərbaycanın qəbir abidələrindən aşkar olunmuş insan skeletləri və qədim yaşayış yerlərindən tapılan heyvan sümükləri üzərində (45 skelet) Fransa və Almaniyanın mütəxəssisləri ilə birlikdə stabil izotop analizlərin aparılması həmin ölkələrin laboratoriyalarında həyata keçirilib. F.Quliyev bildirib ki, stabil izotop analizlər qədim insanların, əhliləşmiş və yabanı heyvanların qida rasionunu, həmçinin, birbaşa və ya təkrarlanan dövrü miqrasiya məkanlarını və istiqamətlərini dəqiqliklə müəyyən etməyə imkan verir.

Məqalədə göstərilir ki, son illər Azərbaycanın müxtəlif bölgələrində, e.ə. VI minilliyə aid olan Tovuzda Göytəpə, Menteş, Hacıələmxanlı və Ağcabədi rayonunda Kamiltəpə qədim yaşayış yerlərində əsaslı multidissiplinar tədqiqatlar aparılıb.
Məqalədə göstərilir ki, Tovuzda yerləşən Menteş qədim yaşayış yeri Qafqaz bölgəsində öz unikallığı ilə seçilir. Qədim yaşayış yerində dövr etibarı ilə e.ə. VI minillikdən başlayaraq, tunc dövrünədək bir-birini əvəz edən yaşayışın davamlı olması və bunu sübut edən dəfn adətlərini özündə əks etdirən qəbir abidələrin müxtəlifliyi, Kür çayı hövzəsində yaşamış qədim tayfaların erkən oturaq həyat tərzini və maldarlığın inkşafı ilə mobil fəaliyyətin izlənilməsi baxımından əsaslı araşdırılmasını mümkün edib. Nəticədə fiziki antropoloji tədqiqatlar əsasında insan qalıqları üzərində aparılmış analizlər vasitəsilə Kür hövzəsi əhalisinin bioloji markerləri müəyyən edilməklə qida rasionunun təkamülü xarakterizə edilib. Tədqiqatlara (stabil izotopların analizlərinə) abidədən tapılmış 32 əhlilləşdirilmiş və vəhşi heyvan sümüklərinin, qəbirlərdən aşkar olunmuş 40 insan skeletinin qalıqları və 42 yanmış toxumlar cəlb edilib.

Məqalədə, neolit dövründə Azərbaycan ərazisi əhalisinin taxıl, mərcimək və şirin su hövzələrinin balıqlarından geniş istifadəsi və tunc dövründə isə, artıq ət məhsulları proteinlərinin çoxalması analizlərin nəticələrində aydın göstərilir. Bundan əlavə, neolit və tunc dövrlərində insanların ölüm səbəbləri qida rasionu ilə əlaqəli olmadığı müəyyən edilib.

Qeyd etməliyik ki, məqalənin digər həmmüəllifləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) əməkdaşı, uzun illərdir ki holosen əhalisinin qidaları və sağlamlığı mövzusu üzərində çalışan doktor Estelle Herrscher, Fransanın Milli Preventiv Arxeologiya İnstitutunun əməkdaşları antropoloqlar Modwene Poulmarch, Laure Pecqueur və Elsa Jovenet olub. Həmçinin, qeyd edilməlidir ki, dünya elmi çevrələrində tanınan Almaniya Arxeologiya İnstitutunun əməkdaşı paleozooloq, doktor Norbert Benecke və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin mütəxəssisi doktor Bertille Lyonnet Tovuz bölgəsində azərbaycanlı həmkarları ilə birgə artıq uzun müddətdir ki, arxeoloji tədqiqatlar aparıb.